Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb.
Bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO-nun bir hissəsidir: “Bu gün Ukrayna bunu deyure etmək üçün müraciət edir. Biz Ukraynanın Alyansa sürətləndirilmiş qaydafa üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”.
Ukrayna lideri deyib ki, Ukrayna defakto NATO-da öz yolunu keçib: “Biz artıq defakto Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.
Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşməsini dəstəkləyib.