Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Nicat Zeynalov və Sahib Tağıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
İttihama görə, 10 avqust 2019-cu il tarixdə, saat 19 radələrində N.Zeynalov dostu, Həşim Quluzadə və Sahib Tağıyevlə birlikdə sonunucunun dayısı oğlunun evinə basqın ediblər. Onlar üzlərinə maska taxaraq Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yaşayan 1991-ci il təvəllüdlü T.Mustafayevin evinə girərək ondan pul tələb ediblər. Belə ki, zorla mənzilə soxulan şəxslər T.Mustafayevi tualetə salaraq bıçaqla hədələyiblər və pulları verməsini tələb ediblər. Avtomobil icarəsi biznesi ilə məşğul olan T.Mustafayev onunla birgə yaşayan 1993-cü il təvəllüdlü Xanımla (şərti adlı) müqavimət göstərib. Lakin daha sonra Xanım evdəki 7 min manatı və mobil telefonları həmin şəxslərə verib.