İnsanların öpüşmə üsulu və öpüşməkdən əldə etdikləri məna müxtəlif mədəniyyətlərdə fərqli ola bilər. Bu halda öpüşmə hərəkətinin düşündüyümüz qədər universal olmadığını deyə bilərikmi?
Düşünürük ki, dünyada hər ana və uşaq bir-birinin yanağından öpür, ya da hər cütlük sevgilərini göstərmək üçün dodaqdan öpürlər. Ancaq öpüşmək düşündüyümüz qədər yayqın olmaya bilər.
Pravda.az Lent.az-a istinadən xəbər verir ki, 168 fərqli mədəniyyət üzərində aparılan araşdırmaya görə, cəmiyyətlərin yarısından azı dodaq-dodağa ilə öpüşməyə üstünlük verir.
Nevada Las Vegas Universitetindən William Jankowiak deyir ki, valideyn-övlad öpüşü və ya salamlaşma kimi hallar istisna olmaqla, dünyanın yalnız 46 faizi dodaq-dodağa öpüşlərindən romantik şəkildə istifadə edir.
İnsanların niyə öpüşməyə ehtiyacı olduğuna dair iki nəzəriyyə var...
Öpüşmə hərəkətinin körpə olanda anadangəlmə dodaq toxunuşunun olması ilə əlaqədar olduğu düşünülür. Ana südü ilə əlaqələndirə biləcəyimiz bu vəziyyət əslində hər kəs üçün bir refleks hərəkətdir.
Digər tərəfdən, anaların və uşaqlarının "premastik qida transferi" deyilən bir şeyə görə bağlandığına dair iddialar var. Buna görə də qədim zamanlarda analar yeməyi övladlarına verməzdən əvvəl öz ağızlarında çeynəyib, uşağa yeməli hala salırdılar. Beləliklə, ana ilə körpə arasında ağızdan ağıza inkişaf edən bir bağ yarandı.
Araşdırmaya görə, öpüş haqqında ilk yazılı məlumata 4 min il bundan əvvələ aid fars əlyazmalarında rast gəlinib. E.ə. V əsrdə Herodot yazıb: “Farslarda yüksək təbəqənin adamları öz təbəqəsindən olanları dodaqdan, daha aşağı təbəqələrdən olanları isə yanaqdan öpürdülər”.
Öpüşmək qədim romalılarda da dəb olub. Hamı – kişilər, qadınlar, tanışlar, uşaqlar hər yerdə - evdə, küçədə öpüşüblər. Dodaqlarına boya kimi ətirli maye sürtüblər ki, öpüş daha ləzzətli olsun. Azmaq dərəcəsinə çatan “öpüş epidemiyası”nın qarşısını isə imperator Tiberi alıb.