3 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı nazir Ceyhun Bayramov İsveçrə tərəfinə Ermənistan xarici işlər naziri ilə görüşə ev sahibliyi etdiklərinə görə minnətdarlıq bildirib.
Nazir görüşün nəticələri ilə bağlı öz təəssüratlarını İsveçrə tərəfi ilə bölüşüb. Səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə tərəfimizdən müqavilənin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu qeyd edilib.