Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocavənddə növbəti kütləvi məzarlığın aşkar edilməsi ilə bağlı çağırış edib.
Ombudsman Aparatından verilən məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə kütləvi məzarlıq aşkar olunub. Həmin məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insan qalığı tapılıb. Geyim və əşyalarına əsasən həmin şəxslərin hərbçi olduqları məlum olub. Bu isə azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirilməsi ilə bağlı bir çox ifadələri sübut edir.
Aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bugünədək taleyi naməlum olan soydaşlarımıza məxsus olma ehtimalı vardır. Halbuki Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırıb.