“Azərbaycana təzyiqlər yalnız dünənlə, bu günlə başlamır. Azərbaycan ikinci müstəqilliyini qazanandan bəri hər zaman ikili standartlarla üzləşib. Ermənistan Azərbaycan ərazisini işğal etdi, şəhər və kəndlərimizi xarabalığa çevirdi, amma heç bir dünya ölkəsi onu “qəsbkar”, “işğalçı” adlandırmadı. Demədi ki, Ermənistan Azərbaycan ərazisini işğal edib. Necə olur ki, 30 il Ermənistan Azərbaycanın 20 faizini işğal altında saxlaya bilir, amma bir dəfə də olsun “işğalçı” damğası ilə qiymətləndirilməyib. Hələ də Azərbaycan Ermənistanla sərhədi bəlli olmayan yerlərində təhlükəsiziliyini qorumaq üçün addımlar atır, Ermənistanı sülhə məcbur etmək istəyir. Avropanın ali nümayəndəsi isə buna rəğmən deyir ki, Azərbaycan Ermənistan ərazisini “işğal edib”.
Bu sözləri Pravda.az-a Milli Məclisin depuatı Razi Nurullayev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin Azərbaycanın Ermənistan ərazisini “işğal” etdiyi barədə iddiasına münasibət bildirərkən deyib.