"Putin rejimi eskalasiyanı mümkün olduğu qədər artırmaqla dünyanı qorxudub, siyasi nəticə əldə etmək istəyir. Məqsəd Ukrayna və ya Qərblə (yaxud hər ikisi ilə) masaya oturub, Moskvanın tələblərinin ən azı bir qisminin yerinə yetirilməsi şərti ilə müharibənin dayandırılmasından ibarətdir. Rusiyanın cəbhədə üzləşdiyi durumu bilirsiniz: tükəniblər və nəinki böyük hücum əməliyyatları keçirmək, hətta effektiv müdafiə olunmaq imkanlarını da itiriblər. Dneprin sağ sahilindəki qruplaşmanın ləğvi zaman məsələsidir. Zaporojye istiqamətindən başlanacaq Ukrayna hücumu isə müharibənin taleyini həll edə bilər. Rusiyanın səfərbərliyə alınan ehtiyat qüvvələrinin təlim və hazırlığının dekabr ayında yekunlaşacağı gözlənilir, lakin bunların cəbhədə radikal dönüş yaradacağı şübhə doğurur. Bu səbəblərdən indiki mərhələdə Putinin nəticə ala biləcəyi yeganə üsul "dəli adam" roluna girib, "məni çox sıxmayın, dünyanı yandıraram, nüvə də ataram" mesajını verməkdir. Çünki belə olanda Qərbdə bir çox çevrəni təsir altına alıb, onları "no war" çağırışı ilə hərəkətə keçməyə vadar etmək mümkün olur. Qərbdəki bu çevrələr: Səmimi olaraq müharibə (hələ üstəlik, nüvə müharibəsi) istəməyənlər, ideoloji səbəblərdən Putin Rusiyası ilə yaxın olan, yaxud ona yaxınlıq hiss edən antisistem dairələri, siyasi, akademik, biznes, media çevrələrində Rusiyanın satın aldığı adamlar və ona simpatiya bəsləyən "faydalı idiotlar" və Rusiya agentura şəbəkəsidir. Gərginlik apogeyə çatanda, eləcə də Rusiya nüvə təhdidi ilə çıxış edib, bu çevrələrə pas atanda onlar "dərhal danışıqlara başlamaq lazımdır, yoxsa 3-cü dünya müharibəsi baş verəcək" straşilkası ilə ortaya çıxıb, bu yöndə ictimai rəy yaradır və müəyyən qədər haqlı da görünürlər. (Merkel, Tramp kimi yaxın keçmişdəki Qərb liderlərinin son günlərdə etdikləri çağırışlar bu baxımdan təsadüf deyil.)"
Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.