“Koronavirus infeksiyasına yoluxan, eyni zamanda peyvənd olunan insanlarda ürək çatışmazlığının yarandığını demək dəqiq deyil. Çünki bu haqda lazımi kliniki materiallar yoxdur. Bunun üçün vaxt lazımdır. İki-üç il ərzində bu qərara gəlmək olmaz. Koronavirus adi qrip virusu kimidir. Sadəcə, çox təəssüf ki, pandemiya dövründə birdən-birə praktiki və nəzəri biliklərin az olmasından irəli gələrək arada müəyyən çaşqınlıqlar yarandı, bu, indi də davam edir”.
Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq tanınmış kardioloq İdris Xəlilov deyib.
O bildirib ki, pandemiya dövründə insanların çoxunda ürək çatışmazlığı deyil, panika və depressiya yaranıb: “Koronavirus başqa viruslar kimi miokardit və ya kardiomiopatiya yaratsa belə, bunun faizi çox azdır. Vətəndaşların bu barədə narahat olmalarına ehtiyac yoxdur. Yəqin ki, koronavirus infeksiyası daha kütləvi yoluxma və fəsadlar törədə bilməyəcək. Digər tərəfdən, tibbi və praktiki bilgilər onun müalicəsini tam nəzarət altına ala biləcək! Qrip ondan daha ağırdır, daha çox fəsad verir. Pandemiya dövründə müayinə etdiyim xəstələrin, eyni zamanda peyvənd olunanların heç birində ürək çatışmazlığı, yüksək qan təzyiqi, ürəyin işemik xəstəliyi qeydə alınmayıb”.
Aytəkin Qardaşova