Şaurmanın qiyməti 9 manatdan başlayır...
Bakının Nərimanov rayonunda yerləşən tarixi “Şərq Bazarı” kompleksi artıq 4 aydır bərpa və yenidən qurmadan sonra istifadəyə verilib. Bazarın orijinal tarixi görünüşü müasir çalarla göz oxşayan harmoniya yaradıb.
Pravda.az-ın əməkdaşı hazırkı vəziyyətlə tanış olmaq üçün “Şərq Bazarı”na yollanıb. Bazardakı ab-havanı bilmək üçün qapıdan içəri baxmağınız kifayətdir.
Satıcılardan və restoran işçilərindən başqa gözə dəyən heç kim yoxdur. Bazar təmirə bağlanarkən Nərimanov Rayon İcra Hakimiyyəti verdiyi açıqlamada bildirmişdi ki, “bazardakı müasir iaşə məkanları yerli və əcnəbi turistlərin daimi görüş yerinə çevriləcək”. Bazarın nəzdində ədviyyat, quru meyvələr, təbii təbabət və kənd təsərrüfatı məhsulları, suvenir mağazaları, kiçik və böyük həcmlərdə dulusçuluq, papaqçılıq, xalçaçılıq kimi emalatxanalar, Şərq üslubunda hamam, milli restoran, kafelər və s. obyektlər fəaliyyət göstərir. Lakin gördüyümüz qədəri ilə, “Şərq Bazarı”nda müasir iaşə obyektləri nəinki turistlərin, yerli sakinlərin də üzünə həsrət qalıb. Bazarın satıcıları ilə də söhbətləşdik. Məlum oldu ki, tək bir gün yox, 4 aydır vəziyyət belədir. Qiymətlərlə tanış olmaq üçün bir restoranın menyusuna baxdıq. Nə üçün bu qədər az adam gəldiyi, təxminən, bəlli oldu. Adi şaurmanın qiyməti 9 manatdan başlayır. “Dodaq uçuqladan” qiyməti görüb, biz də bazarı tərk edəsi olduq.
“Həmişə alıcılarla qaynayan köhnə bazarın yeri görünür” desək, yanılmarıq. “Şərq Bazarı” ötən əsrin 80-ci illərindən paytaxt sakinləri üçün doğma məkana çevrilmişdi. Yeri gəlmişkən, bazar 1982-ci ildə memarlar P.İ.Yarinovski və U.V.Revazovun layihələri əsasında inşa olunub və 2001-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında respublikanın tarixi memarlıq abidələri siyahısına daxil edilib. Eyni zamanda Azərbaycan tarixində Şərqin ən böyük memarlıq nümunəsi olan “Ağa Xan” memarlıq mükafatına namizəd olan ilk layihədir. Yenidən qurulan kompleks şəhərimizin gözəlliyinə gözəllik qatıb. Küllü miqdarda dövlət büdcəsi hesabına ərsəyə gələn kompleksin təbliğatı niyə bu qədər aşağı səviyyədə aparılır? Qiymətlərə niyə nəzarət edilmir?