Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat inzibati həbs müddətinin artırılması xəbərinə aydınlıq gətirdi: “Parlamentdə hazırda belə layihə yoxdur”

854
Paylaş:
Deputat inzibati həbs müddətinin artırılması xəbərinə aydınlıq gətirdi:     “Parlamentdə hazırda belə layihə yoxdur”

“Milli Məclisin müzakirəsində inzibati həbs müddətinin artırılmasını nəzərdə tutan layihə yoxdur. Belə məlumatların yayılması, çox güman ki, İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə təklif olunan dəyişikliklərin mahiyyətini başa düşməyənlərin əsassız yozumudur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, ümumiyyətlə, hazırda parlamentdə İXM-ə dəyişikliklə bağlı bir neçə layihə var, amma inzibati həbs müddətini nəzərdə tutan 30-cu maddə ilə bağlı hər hansı müzakirə aparılmayıb: “Yəqin ki, bu iddianı səsləndirənlər İXM-in 38-ci maddəsini, yəni müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə məsələsini başa düşməyiblər və çaşqınlıq da buradan yaranıb. Hazırda qüvvədə olan layihədə nəzərdə tutulur ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Yəni şəxsin bəzi inzibati xətaları törətməsindən 3 aylıq müddət keçsə, o, daha məsuliyyətə cəlb olunmur. Yeni layihədə isə təklif olunur ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay yox, 4 ay keçənədək verilə bilsin. İlk növbədə qeyd edim ki, burada söhbət inzibati həbsdən, yaxud bu növ inzibati tənbehin müddətindən getmir. Məsuliyyətə cəlbetmə müddəti tam fərqli anlayışdır. Yəni indi burada əsas məqsəd hansısa formada şəxslərin vəziyyətinin ağırlaşdırılması deyil, əksinə, inzibati xətalar qanunvericiliyinin qarşısında dayanan vəzifələrin daha səmərəli təmin edilməsinə yönəlib”.

B.Məhərrəmov əlavə edib: “Təcrübə göstərir ki, inzibati xətalarla bağlı tərtib olunan protokollar, qəbul edilən qərarlardan şikayət vermə və müvafiq şikayətlərə baxılma üçün hazırda qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan 3 aylıq müddət kifayət etmir. Bu isə inzibati təhbehin inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, eyni zamanda yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi məqsədlərə nail olmağa imkan vermir. Ümumiyyətlə, bir məsələni diqqətinizə çatdırım ki, 4 aylıq müddət bizim hazırkı İXM-də yeni yanaşma deyil. Bir sıra inzibati xətalara münasibətdə 4 aydan daha çox müddət nəzərdə tutan nümunələr var. Məsələn, elə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə, gömrük, ətraf mühitin qorunması, maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, dərman vasitələri haqqında qanunvericiliyin, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya və s. əməllərə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər