“Rusiya-Ukrayna müharibəsi bütövlükdə qlobal bazarda qiymət artımlarına təsir göstərməkdədir. Təbii ki, son gərginlik də qiymətlərə təsirsiz ötüşmədi. Birjalarda bir sıra məhsulların, xüsusən qlobal bazarlarda ərzaq məhsullarının qiymətlərində artımlar oldu. Azərbaycan buğdanın qiymətindəki artımların istehlak bazarına təsirlərini minimumlaşdırmağa çalışır. Nəzərə alsaq ki, mövsum yeni başa çatıb. Bu baxımdan daha məqsədəuyğun olardı ki, bütövlükdə mövcud qiymətlərdəki stabilliyin qorunub-saxlanılmasına çalışılsın. Xüsusən bəzi ölkələr idxalı da artıq bərpa etmişdilər. Azərbaycan da istehsalı bu il əvvəlki ilə nisbətən artırıb. Buna görə də indiki halda yerli istehsalda olan ehtiyatlardan, eyni zamanda əvvəlki dövrlərdə yığılmış ehtiyatlar hesabına bazardakı tələbin ödənməsi məqsəduyğun olar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, çörək Azərbaycan vətəndaşlarının ən çox istehlak etdikləri ərzaq məhsullarından biridir: “Dünya bazarında qiymət artımlarına baxmayaraq, mövcud ehtiyatlarla indiki qiymət səviyyəsinin qorunub-saxlanılmasına çalışılması və qiymət artımlarının qarşısının alınması məqsədəuyğundur. Təbii ki, hökumət çalışır istehlak bazarında kəskin qiymət artımı müşahidə olunmasın. Buğdanın qiyməti, dünya bazarındakı qiymət artımları, Rusiya-Ukrayna arasındakı gərginliyin yenidən Kiyevin vurulmasına gətirib çıxarması müəyyən qədər optimallaşa bilər. Ümid edək ki, Rusiya-Ukrayna arasındakı müharibə daha qısa vaxtda başa çataca biləcək. Bu, qlobal bazar üçün çox vacibdir. Bütün hallarda Azərbaycanda çörəyin qiymətində artımların baş verməməsi, mövcud qiymətin qorunub-saxlanılması ilə bağlı tədbirlərin genişləndirilməsi məqsəduyğundur”.
Qeyd: Rusiya Silahlı Qüvvələrinin Ukrayna şəhərlərinə raket zərbələrindən sonra Çikaqo birjasında buğdanın qiyməti 4,4 % artıb. Çikaqo birjasında buğdanın dekabr fyuçersləri buşel üçün 9,18 ABŞ dollarına yüksəlib. Geosiyasi vəziyyətin gərginləşməsi investorları Ukraynadan buğda ixracı perspektivləri ilə bağlı şübhələrə sövq etdiyi üçün buğdanın qiyməti artıb. “Bloomberg” xəbər verib ki, Ukrayna məhsullarının tədarükü ilə bağlı problemlər yaranıb. Buna səbəb İstanbuldan yola düşəcək, yoxlanılması üçün gözləyən gəmilərin sayının artmasıdır.
Aytəkin Qardaşova