Bakı Apellyasiya Məhkəməsində bir neçə nəfərə qarşı etibardan sui-istifadə etmə yolu ilə dələduzluq etməkdə təqsirləndirilən Qalib Orcəlizadə və Qumru Vəliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, Q.Vəliyeva özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin səlahiyyətli əməkdaşı təqdim edərək ayrı-ayrı şəxslərdən xeyli pul alaraq onlara pensiya və digər sosial müavinətlər düzəldə biləcəyi vədini verib. O, vətəndaşlara əlilliklə əlaqədar təyin edilmiş pensiyanın məbləğinin artırılaraq aylıq 450 manat verilməsi, ünvanlı dövlət sosial yardım təyin etdirmək, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi torpaq sahəsinin məhkəmə qaydasında alınması və psixi pozuntuları ilə bağlı aldığı əlilliyə görə pensiya müddətinin 5 il müddətinə artırılması imkanına malik olmasını bildirib. Cinayət materiallarında qeyd olunub ki, Q.Orcəlizadə "iş birliyi"ndə olaraq vətəndaşlara qarşı dələduzluq edib. Onlar ümumilikdə vətəndaşlara qarşı 30 min 970 manat ziyan vurublar.
Kamal Məmmədov