“Baş Prokurorluğun 44 günlük müharibədə Ermənistan tərəfdən vuruşan muzdlular arasında İran vətəndaşlarının olması ilə bağlı açıqlaması Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmır və qarşılanmamalıdır. Əslində, biz İranı Ermənistanın siyasi, maddi və mənəvi baxımdan dəstəklədiyini bilirdik. Amma iranlıların Ermənistan tərəfində vuruşması isə çox ciddi bir fakt, məsələdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat təəssüflə bildirib ki, İran bütün rəsmi görüşlərində, təbliğatında Azərbaycanla dost və qardaş olduğunu israrla bildirir: “Hətta açıq şəkildə bizim dinimizin, məzhəbimizin eyni olduğunu vurğulayır. Əgər İran İslam, müsəlman dövlətidirsə, İslam qaydaları ilə idarə edilirsə, necə olur ki, müsəlmana yox, qeyri-müsəlman ölkəyə dəstək göstərir? İndi kimsə deyə bilər ki, “İranın siyasi, regional maraqları”. Amma biz də başqa sual verəcəyik. İran müsəlman ölkəsi olduğunu, şəriət qanunları ilə idarə edildiyini, bütün dünyada məzlum müsəlmanlara kömək olduğunu bildirir. Yaxşı, bir müddət bundan əvvəl Azərbaycan xalqı da Ermənistanın zülmünə, təcavüzünə məruz qalmışdı. Bəs niyə İran onda Azərbaycana kömək etmədi? Niyə bu günə kimi bütün məsələlərdə İran, hətta ermənidən daha çox erməni olmağa çalışır? Bunu həm şəriət, həm dinimiz, mədəniyyətimiz baxımından necə başa düşmək, anlamaq olar? Onda İran deməsin, dünyaya bəyan etməsin ki, müsəlman dövlətidir, İslam qanunları ilə idarə olunur. Bəyan edirsə, onda İslamın qayda və prinsiplərinə əməl etməlidir. Allah açıq-aydın “Quran”da buyurur ki, ey müsəlmanlar, qeyri-müsəlmanlarla müsəlman olanlara qarşı əməkdaşlıq etməyin, yəni müsəlmanın dostu müsəlmandır. Yaxşı, necə olur ki, müsəlman ölkəsi İranın dostu xristian ölkəsi Ermənistandır? Bunu indi necə başa düşək? Vətən Müharibəsi dövründə bunu müşahidə etdik, hətta məlum oldu ki, Xudafərin körpüsü ətrafında Azərbaycan Ordusunun irəliləməsinə İran maneə oldu. Sonrakı dövrlərdə İranın Zəngəzur dəhlizinə qarşı çıxdığını, Azərbaycanla sərhəddə təlimlər keçirdiyini, bizi hədələdiyini gördük. İki gündən bir Azərbaycana təhdid ünvanlayır. Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili deyir “şirin quyruğu ilə oynama”. Nədir bu? Belə məsələlər İranın bizə qarşı açıq münasibətini göstərir”.
C.Məmmədov vurğulayıb ki, Azərbaycan hər zaman İranla münasibətlərin qorunmasında, inkişafında maraqlı olub: “Amma İrandan nə qarşılıq görümüşük? Azərbaycan heç vaxt İrana qarşı xəyanət etməyib, heç bir dövlətlə İran əleyhinə əməkdaşlıq etməyib. Bu gün biz nəyi görürük? İranın açıq-aydın bütün istiqamətlərdə Ermənistana dəstək göstərdiyini. Azərbaycan xalqı bunu bağışlamamalıdır. Bizim hər zaman İranı müdafiə edən, siyasətini dəstəkləyən insanlarımız da gözlərini açıb görməlidirlər ki, nə baş verir? Biz bəzən İranı tənqid edəndə kimlərsə bunu yanlış istiqamətə yönləndirir, dinlə, məzhəblə bağlamağa çalışırlar. Bəs yaxşı, onlar İranın bu addımlarını nə ilə bağlayacaqlar? İslamdan söhbət gedirsə, İslamın yanaşması məlumdur. İslam müsəlmanın müsəlmana dəstəyini təşviq edir, onun yanında olmasını buyurur. Biz isə əksini görürük. Çox təəssüf ki, özünü bizə qardaş, eyni dində və məzhbədə olduğunu bildirən ölkə belə bir davranış nümayiş etdirir, bütün istiqamətlərdə, layihələrdə Azərbaycana maneə olmağa, problem yaratmağa, uğurlarına sevinmək əvəzinə uğurlarının qarşısını almağa çalışırlar. Belə olan halda gərək Azərbaycan da İran əleyhinə hansısa addımlar atsın, bu istiqamətdə dövlətlərlə əməkdaşlıq etsin, müəyyən hədəf və məqsədlərə nail olsun. Amma biz bunu etmirik, etmək fikrimiz də yoxdur. İran tərəfi də belə fəaliyyətlərə son qoymalıdır. Bütün bunlar birmənalı olaraq Azərbaycan tərəfindən qəbul olunmur və olunmamalıdır. İran siyasətini dəyişməlidir”.
Aytəkin Qardaşova