“Ermənistan tərəfinin xahişi və tələbi ilə Fransa hərbi kontingentinin Qarabağda yerləşdirilməsi mümkün deyil. Bu məsələ bizim üçün bitib, bağlanıb. Hazırda müvəqətti olaraq Rusiyanın sülhməramlı kontingenti oradadırlar. Fransada erməni lobbisi çox güclüdür. Bəzən Fransa siyasətçiləri erməni lobbisinin gücündən asılı olur və ya onun səsinə ehtiyac duyur. Fransa siyasətçiləri və hökuməti Ermənistan lobbisinin təsiri altında daha çox ermənipərəst mövqe sərgiləyir, Ermənistanın yanında dayandıqlarını, onları müdafiə etdiklərini də gizləmirlər. Ermənistan sərhədlərini kimin qoruması ilə bağlı qərarında isə yəqin ki, sərbəstdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Razi Nurullayev deyib.
Deputat bildirib ki, Ermənistan müstəqil, suveren dövlət deyil: “Bu, birmənalıdır. Hazırda onun sərhədlərini Rusiya qoruyur. İstəyirsə, Rusiya qoşunları getsin, Fransa gəlib onun sərhədlərini qorusun. Biz buna qarışmırıq. Hansı ölkənin gəlib-gəlməməsindən asılı olmayaraq, Azərbaycan Ermənistanla sərhədlərini müəyyən edəcək, sərhədində Azərbaycan əsgəri dayanacaq. Ermənistan istəyirsə, Afrikadan qoşun gətirib sərhədin o tərəfində düzsün, bu, artıq öz işidir. Bütün bunların arxasında Azərbaycana təzyiq göstərmək, güzəştlərə vadar etmək meyli dayanır. Amma bu gün beynəlxalq platformalarda Azərbaycan Prezidenti İlham Əliyevin davranışından, danışıqlarından əmin ola bilirik ki, Azərbaycan heç bir halda sına bilməz. İstədiyi geopolitik gedişləri edir, siyasəti işlədir. Nəticəyə də nail olur”.
Aytəkin Qardaşova