“Çin Kommunist Partiyasının bazar günü Pekində qurultayı keçiriləcək. Qurultaya hazırlaşan partiyanın sədri və ölkəsinin lideri Si Sinpinin Çinin gələcək inkişafı ilə bağlı məqaləsi yayımlanıb. Si Sinpinin fikrincə, ölkəsi dünya liderləri sırasında yerini möhkəmlətməlidir. Kommunizmin qurulması ideyasından imtina etməyən Si Sinpin SSRİ-nin acı taleyini yaşamamaq üçün məqaləsində partiya yoldaşlarını strateji səhvlər buraxmamağı tövsiyyə edib. Görəsən, Si Sinpin “strateji səhv” dedikdə nəyi nəzərdə tutub? SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçıva hakimiyyətə gəldiyi 1985-ci ildə islahatlara başladı. Ancaq uzun illər qapalı ölkənin və qapalı rejimin başlatdığı islahatlar imperiyanın dağılmasını sürətləndirdi. Qorbaçovun hakimiyyətə gəlişinin 6-cı ilində SSRİ dağıldı. Ona görə də Si Sinpin “strateji səhv” dedikdə SSRİ-dəki islahatları nəzərdə tutub. Yəni kommunist lider hesab edir ki, Çin siyasi islahatlara başlasa, fikir müxtəlifliyinə şərait yaratsa ölkənin SSRİ kimi dağılması labüd olacaq. Si Sinpinin məntiqinə görə, Kommunist Partiyası ölkəni doğru istiqamətdə inkişaf etdirir və nəyisə dəyişməyə ehtiyac yoxdur. Siyasi sistem olduğu kimi qalmalıdır. Si Sinpin məqaləsində ABŞ-la qarşıdurmadan, Tayvan böhranından da söz açıb. Çin lideri ölkəsinin xarici və təhlükəsizlik siyasətində prinsipal mövqeyindən geri çəkilməyəcəyini bir daha vurğulayıb. Bu o deməkdir ki, Pekin Tayvana nəzarət siyasətindən imtina etməyəcək və ABŞ-la gərginlik davam edəcək”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Elxan Şahinoğlu bildirib.