Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən üçtərəfli görüşdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsi müzakirə olunub.
Bu barədə Pravda.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Dörüşdə C.Bayramov sonuncu dəfə bu formatda görüşün bu ilin may ayında Düşənbədə keçirildiyini xatırladaraq, gürüşün Düşənbədən sonra inkişaflar üzrə müzakirə aparılması üçün yaxşı imkan olduğunu qeyd edib. Xüsusən, sülh müqaviləsi ilə bağlı Cenevrədə 2 oktyabr tarixində ikitərəfli görüşün keçirildiyini və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementlərinin Ermənistana təqdim olunduğunu, elementlər üzrə Ermənistan tərəfindən cavab gözləndiyini bildirib. Sülh müqaviləsinin baza prinsiplərinin hələ bu ilin fevral ayında Azərbaycan tərəfindən təqdim olunduğu, həm Azərbaycanın, həm də Ermənistanın Praqada keçirilmiş dördtərəfli görüşün yekununda bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəldiyi, bunun sülh müqaviləsinin əsasını təşkil etdiyi nəzərə alınaraq müqavilənin imzalanması istiqamətində irəliləyiş kimi qəbul edildiyi vurğulanıb.