Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Partiya sədri: “Qlobal Sülh İndeksində Ermənistan 83-cü, Azərbaycan 128-ci sıradır, burada da erməni barmağı var”

786
Paylaş:
Partiya sədri: “Qlobal Sülh İndeksində Ermənistan 83-cü, Azərbaycan 128-ci sıradır, burada da erməni barmağı var”

“İqtisadiyyat və Sülh İnstitutu 2022-ci ilin Qlobal Sülh İndeksini açıqlayıb. Hesabatda daxili və xarici təhdidlər meyarlarına əsaslanan reytinqdə İslandiya, Yeni Zelandiya, İrlandiya, Danimarka, Avstriya ən dinc 5 ölkə kimi göstərilib. 163 ölkənin yer aldığı siyahıda Ermənistan 83-cü, Azərbaycan 128-ci, Rusiya 160-cı sırada qərar tutub. Qeyri-sabitliyin hökm sürdüyü, militarizasiya səviyyəsinin yüksək olduğu Ermənistanın bu hesabatda Azərbaycanı “qabaqlaması” təəccüb doğurur. Həmçinin Ermənistan kimi ölkənin siyahıda bu qədər önə, hətta Estoniya və Latviya kimi Avropa İttifaqı üzvü ölkələrinin yanında qərarlaşdırılması bu reytinq siyahısına şübhələrə yer açır və burada da erməni barmağının olduğunu söyləməyə əsas verir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib

O bildirib ki, İqtisadiyyat və Sülh İnstitutunun açıqladığı 2022-ci ilin Qlobal Sülh İndeksi qətiyyən mötəbər və obyektiv hesab oluna bilməz: “Təəssüf doğuran budur ki, Ermənistan Azərbaycanı təkcə bu il xeyli qabaqlamayıb. Əgər belə olsaydı, bu nəticəni ermənilərin və bəzi “həmvətənlərimizin” əleyhimizə apardığı təbliğatla əlaqələndirmək və İnstitutun bu amilin təsirinə düşdüyünü düşünmək olardı. Ancaq bu İnstitutun “araşdırmalarında” Ermənistan torpaqlarımızın 20%-ni işğal altında saxladığı illərdə də Azərbaycandan daha “sülhsevər” olub və ölkəmizi xeyli qabaqlayıb. 2013-cü ildə işğalçı Ermənistan 98-ci, torpaqları işğal lunan Azərbaycan 126-cı, 2014-cü ildə Ermənistan 97-ci, Azərbaycan 123-cü, nəhayət, 2015-ci ildə Ermənistan 91-ci, Azərbaycan isə 132-ci olub. 2016-cı ildən sonrakı dövrü deməyə ehtiyac yoxdur. Çünki torpaqlarımız işğal altında ola-ola bizi sona yaxın sıralarda “şərəfləndirən” İnstitutun Aprel döyüşlərindən sonra daha arxa sıralara yerləşdirməsi “təbii” sayılmalıdır”.

A.Səmədov deyib ki, ölkədaxili sabitliyin əsas kriteriyalardan biri olduğu halda çevriliş cəhdlərinin “gündəlikdən düşmədiyi” bir dövlətin bu qədər yüksək qiymət alması anlaşılmazdır: “Daha bir kriteriya militarizasiya səviyyəsidir ki, bu göstəriciyə görə, Ermənistan dünyada ən yüksək yerlərdən birinə sahibdir. “Sülhsevər” qonşumuzun ümumdaxili məhsuldan hərbi xərclərə ayrılan vəsaitin həcminə görə Azərbaycanı xeyli qabaqlamasına baxmayaraq, daha yüksək reytinqə layiq görülməsi ən azı anlaşılmazdır. Qlobal reytinqdə anlaşılmazlıqlardan biri də fasiləsiz olaraq Türkiyəyə qarşı müxtəlif təxribatlar törədən, beynəlxalq razılaşmaların ziddinə olaraq yunan adalarında silahlar yerləşdirən Yunanıstanın daha yüksək pilllədə qərarlaşmasıdır. Nəhayət, ən böyük anlaşılmazlıq dünyanı məhvolma həddinə gətirən, Ukraynada dinc insanları, uşaqları qətlə yetirən Rusiyanın Suriyanı, Yəməni və Əfqanıstanı qabaqlamasıdır. Rusiya, görəsən, daha nə etməlidir ki, bu “mötəbər” reytinqdə sonuncu yerə layiq görülsün”.

Partiya sədri təəssüflə qeyd edib ki, bu cür qlobal reytinqlər ölkələrin nüfuzuna ciddi təsir edir: “Aşağı göstəricilərə malik dövlətlərin iqtisadiyyatına mənfi təsir göstərir, ilk növbədə ölkəyə gəlmək istəyən turistlərin sayının ciddi şəkildə azalmasına gətirib çıxarır. İqtisadiyyat və Sülh İnstitutunun bu cür ədalətsiz addımlar atmasında “erməni barmağı”nın olması şübhəsizdir. Ancaq bu ədalətsizliyi təkcə ermənilərin Azərbaycan əleyhinə apardıqları işlə əlaqələndirmək yanlış olardı. Bir az da fəallaşmalı və dünyada haqqımızda yaranmış yanlış rəyi dəyişmək üçün əlimizdən gələni etməliyik”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər