Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bizə “Azərbaycanda gender bərabərliyi dünyanın hər yerində olduğu kimidir” demək lazım deyil - RƏY

1 351
Paylaş:
Bizə “Azərbaycanda gender bərabərliyi dünyanın hər yerində olduğu kimidir” demək lazım deyil -   RƏY

Azərbaycan gender bərabərliyinin təşviqi sahəsində bir sıra beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir. Son illər Azərbaycan cəmiyyətində genderlə bağlı ciddi uğurlar əldə olunub. Artıq bu uğurları beynəlxalq qurumların hazırladıqları hesabatlarda da görmək mümkündür. Dövlətimiz tərəfindən bu sahəyə diqqət göstərilir. Lakin ailə münasibətlərini qanunla tənzimləmək mümkün deyil. Ailənin görünən və görünməyən tərəfləri ilə yanaşı, daxili, yalnız özünəməxsus qayda-qanunları mövcuddur. Bu gün ölkəmizdə gender bərabərliyinin təminatında qanunla yanaşı, insanları maarifləndirməyə ehtiyacı var.

Bu barədə Pravda.az-a açıqlama verən Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Azərbaycanda gender bərbərliyi ilə bağlı aydın, lazımlı bir fikir yoxdur.

Sosioloqun sözlərinə görə, “gender bərabərliyi” deyəndə çoxları statistikaya fikir verir: “Yəni harda qadınların sayı kişilərə nisbətən çoxdur, ailədə qadın və kişinin sözünə münasibət necədir və s. Bütün bunların hamısı qeyri-dəqiq yanaşmalardır. Hansısa vasitədən istifadə ediriksə, hər zaman düşünməliyik ki, onu hansı məqsəd üçün istifadə edirik. Əsas vacib olan məqsəddir. Məqsədimiz bu deyil ki, Azərbaycanda gender bərabərliyi statistik anlamda yüksək səviyyədə olsun. Biz də hesabat verib deyək ki, Azərbaycanda müxtəlif sahələrdə gender bərabərliyi Fransada, Belçikada deyildiyi kimidir. Fransa, yaxud Belçikada “gender bərabərliyi” dedikdə nəzərdə tutulan prinsiplər Azərbaycanda ziyanlı rol oynaya bilər. Ona görə də biz əvvəlcə öz cəmiyyətimizin mahiyyətinə uyğun gender bərabərliyinin nə olduğunu aydınlaşdırmalıyıq. “Azərbaycanda gender bərabərliyi dünyanın hər yerində olduğu kimidir” demək bizə lazım deyil. Bizə əsas lazım olan budur ki, ailəmizdə daha ahəngdar münasibət olsun. Gender bərabərliyini müqayisə etdiyimiz ölkələrin təcrübəsindən necə istifadə edək ki, ailələrimizdə daim ahəngdar münasibət qorunsun, sabah ailələr dağılmasın, ailə zəminində zorakılıq, qətl hadisələri, boşanmaya gətirib çıxarmasın. Deməli, biz məqsədi önə çəkməliyik, vasitə isə ikinci sırada olmalıdır”.

Ə.Qəşəmoğlu xarici ölkələrdən ailədə gender bərabərliyi ilə bağlı nümunə gətirib: “Belçikada ər və arvad arasında evlənərkən müqavilə bağlanır, zibili kim atacaq, paltarı kim yuyacaq və s. Bu, Azərbaycan üçün gülünc və ailəni dağıdacaq modeldir. Azərbaycanda gender bərabərliyini faydalı vasitə kimi istifadə etmək üçün xeyli tədqiqat aparmaq lazımdır. Elmi tədqiqatlar, araşdırmalar aparmadan Azərbaycanda fəhmlə gender bərabərliyindən danışmaq düzgün olmaz. Baxmalıyıq ki, bu məsələ Bakıda, Lerikdə, Bərdədə və s. necədir. Fərqli olmalıdır. Bakı və Lerikdə eyni prinsip ola bilməz. “Gender bərabərliyi” yox, “gender münasibətləri” desək, daha dəqiq olar. Bu münasibətlər ayrı-ayrı bölgələrimizdə fərqli ola bilər. Hətta Bakının kəndlərində, rayonlarında da. Deməli, biz bu sahəni yaxşı öyrənməliyik. Müasir metodlar var. Sorğular da keçirmək, söhbət aparmaq olar və s. Yalnız bu cür tədqiqat apardıqdan sonra deyə bilərik ki, Azərbaycanın hansı ərazisində gender münasibətləri aruzolunan şəkildədir. Azərbaycanda gender bərabərliyinə bir çox hallarda mexaniki, avtomatik yanaşılır. Bu, arzuolunan səviyyədə deyil”.

Psixoloq Gülnar Orucova isə deyib ki, ailədə kişi və qadın bərabər hüquq daşıyır:

“Belə olduğu halda bəzən görürük ki, ya qadının üzərinə həddindən artıq yük düşür, ya da kişinin. Uşaqların tərbiyəsində kişi həmişə qadını günahlandırır. Lakin uşaqların tərbiyəsində hər iki valideynin rolu böyük, əhəmiyyətli və vacibdir. Bəzən biz sərbəstlik, azadlıqla özbaşınalığı qarışıq salırıq. Qadınla kişi bərabərhüquqlu ola bilər. Amma hesab edirəm, kişi hər zaman qadından bir pillə yüksəkdədir. Qadınla kişi bərabərhüquqludur deyə qadın bəzən bunu əlində bayraq tutur, sui-istifadə edərək, yersiz savaşlara qatılır, qeyri-etik hərəkətlər edə bilir. Ailədə qadın və kişi bərabər hüquqa malik olsalar da, mental dəyərlərimizə hər zaman hörmətlə yanaşmaq lazımdır. Əks halda, səhvə yol vermiş olarıq”.

Psixoloq bildirib ki, ailədə övladın üzərində hər zaman atanın hökmü, sözü daha önəmli olmalıdır: “Cəmiyyətdə kifayət qədər yer alan qadınlarımız da az deyil. Lakin biz bəzən qadınların hüquqlarının tapdalandığını da görürük. Qadın oxuduğu, universitetdə təhsil aldığı halda onun işləməsinə icazə verilmir, hətta döyülür, təhqir olunur, övladlarının gözü önündə canına qıyılır. Bu problem bir müddət sosiallaşdırılsa da, zamanla keçib gedir və bu kimi hallar daha da artır. Bütün bunlara xüsusi nəzarət və diqqət etmək lazımdır”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər