Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Yusif Bağırzadə: “Rusiya Turanın yaradılmasından buna görə narahatdır”

989
Paylaş:
Yusif Bağırzadə: “Rusiya Turanın yaradılmasından buna görə narahatdır”

“Böyük Turan ideyasının 100 ildən artıq yaşı var. SSRİ-nin dağılmasından sonra isə bu istiqamətdə təşəbbüslərin sayı artmağa başladı. Hələ 1992-ci ildə türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) yaradıldı. O zaman bu təşkilatın əsas missiyası ilkin mərhələdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları arasında mədəni əlaqələr qurmaq, daha sonra ortaq türk lüğəti, ortaq türk televiziyası və mətbuat orqanları yaratmaq idi. Yəni bu ideyada heç bir siyasi məqsəd və ya hansısa imperiya qurmaq məqsədi yox idi. Bundan sonra türk dövlətləri arasında əlaqələr hər keçən gün daha da inkişaf etməyə başladı. Türk dövlət başçılarının zirvə görüşləri keçirildi, türk dövlətlərinin parlamentləri arasında əlaqələrin gücləndirilməsi üçün Türkdilli Dövlətlərin Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ən nəhayət Türk Dövlətlər Təşkilatı yaradıldı”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, politoloq Yusif Bağırzadə deyib.

O, bildirib ki, bu gün Türk Dövlətləri arasında əməkdaşlıq həyata keçirilməyən sahə yoxdur: “İstər mədəni, istər siyasi, iqtisadi, istərsə də son dövrlərlə ayrı-ayrı türk dövlətləri arasında hərbi sahədə bağlanmış əməkdaşlıq müqavilələri onu deməyə əsas verir ki, Böyük Turan ideyası tədricən də olsa, addım-addım xəyaldan reallığa çevrilir. Bir çoxları “Turanın qurulması” dedikdə yanlış olaraq hansısa vahid dövlətin yaranmasını nəzərdə tuturlar. Əslində, Turan ayrı-ayrı müstəqil dövlətlərin vahid ideya, vahid amal altında birləşməsidir. Təbii ki, buraya Avropa İttifaqı formasında inteqrasiya olunmuş iqtisadiyyatı, vahid pul, birgə ordu birləşmələrinin təsis edilməsini və s. məsələləri də aid etmək olar. Çünki bunlar olduqca zəruri məsələlərdir. Xüsusilə də indiki təlatümlərlə dolu dünyada hərbi birliklərin yaradılması əsas prioritetlərdən biri olmalıdır. Çünki bu gün biz türk xalqlarının yaşadığı coğrafiyaya baxdıqda görürük ki, bir çox yerlərdə münaqişə ocaqları var. Azərbaycan Qarabağ savaşından qalib ayrılsa da, ayrı-ayrı beynəlxalq güclərin təhdidləri davam edir, Türkiyə terror qruplaşmalarına qarşı mübarizə aparır, Çində uyğur türklərinə qarşı baş verənlər, İraq türkmənlərinin, Rusiyanın tərkibindəki türk xalqlarının müəyyən problemləri, Cənubi Azərbaycandakı soydaşlarımızın hər keçən gün artan problemləri, Kərkük, Bayırbucaq türkmənləri, Hələb və s. problemlər aktual olaraq qalır. Odur ki, bu münaqişə ocaqlarının olduğu türk dövlətlərinin iqtisadi, mədəni birliklərlə yanaşı, hərbi birliklər yaratması da olduqca aktuallıq kəsb edir. Təbii ki, bu hərbi birliklər kiməsə qarşı deyil, sadəcə, türk dövlətlərinin lazımi anda bir-birilərini müdafiə etməsi üçün təşkil olunmalıdır”.

Politoloq deyib ki, Türk Dünyasının birliyindən, Turan ideyasından narahat olan güclərin də sayı az deyil: “İstər Avropa, istər Ərəb dünyası, Çin, lap elə qonşuluğumuzda olan İran da bundan olduqca narahatdır. 44 günlük müharibədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdə Böyük Turan ideyasının yenidən aktiv şəkildə gündəmə gətirilməsi isə Ərəb liqası və Avropa dövlətlərini daha aqressiv şəkildə Türkiyənin üstünə getməsinə səbəb oldu. Hətta Avropa dövlətlərinin NATO-ya üzv olan əksər ölkələri Türkiyənin Cənubi Qafqaza gəlişinə belə sevinmədilər, əksinə buna qarşı açıq və gizli şəkildə narazılıqlarını bildirdilər. Halbuki bir NATO dövlətinin Rusiyanın təsir zonasına girməsi ABŞ və Avropanın tam maraqlarına uyğun idi”.

Y.Bağırzadə vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin də Turan ideyasında maraqlı olduğunu düşünmür: “Çünki Rusiya özü də böyük Turan ideyasına Orta Asiyanın türk dövlətlərinin onun nəzarətindən çıxması təhlükəsi kimi baxır və eləcə də Rusiyanın daxilində olan türk toplumlarının, ayrı-ayrı federasiyaların bu birliyə inteqrasiyasından çox narahatdır. Rusiyanın Türk dövlətləri arasında birliyin möhkəmlənməməsi üçün zaman-zaman bu dövlətlər arasında nifaq toxumu səpməsinin də şahidi olmuşuq. Məsələn, zamanında Özbəkistanla Qırğızstan, Qazaxıstanla Özbəkistan və eləcə də Azərbaycanla Türkmənistan arasında müəyyən problemlərin ortaya çıxması birbaşa rəsmi Moskvanın fəaliyyətinin nəticəsində ortaya çıxmışdı”.

O, hələ ötən ilin əvvəllərində Rusiya xarici işlər naziri Sergey Lavrovun Turan ideyası ilə bağlı dediklərini xatırladıb: ““Hesab edirəm ki, Türkiyə Böyük Turanı fövqəlmilli bir varlıq olaraq yaratmaq məqsədi güdmür. SSRİ-nin keçmiş tərkib hissəsi olub, müstəqil dövlətlərin bu ideyanı hansısa formada dəstəkləyəcəyini görmürəm” cavabını verərək açıq şəkildə qısqanclıq ifadə etmişdi. Lavrova görə Türkiyənin post-sovet məkanının türkdilli ölkələrlə əməkdaşlığının əsas komponenti mədəni, dil və təhsil ənənələrinə söykənir. Başqa sözlə desək, Rusiya Lavrovun dili ilə türk dövlətləri arasında inteqrasiyanın yalnız humanitar sahəni əhatə etməli olduğunu təlqin edir. Yaxud başqa bir misal, ötən ilin noyabr ayında Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk Dünyasının əhatə etdiyi coğrafiyanın xəritəsini hədiyyə etməsini, yəqin ki, xatırlayırsınız. Bununla bağlı fotolar mediada yayıldıqdan sonra ermənilər və Rusiyanın ermənipərəst dairələri Türkiyənin perspektivdə Böyük Turan qurmaq ideyasını rəsmən gündəmə gətirdiyini iddia edərək, hay-küy salmışdılar. O zaman Putinin mətbuat katibi Dmitri Peskov həmin xəritə ilə bağlı açıqlama verərək Türk Dünyasının mərkəzində böyük qırmızı ulduzun təsvir edilməli olduğunu bildirmişdi və demişdi ki, Türk Dünyasının mərkəzi Türkiyədə deyil, məhz Rusiya ərazisi olan Altayda yerləşir. Başqa sözlə desək, Rusiyaya görə Türk Birliyi yalnız Rusiyanın maraqları çərçivəsində formalaşa bilər. Amma kimin, hansı gücün nə deməsindən asılı olmayaraq, görünən odur ki, Böyük Turan ideyasının reallaşması üçün əsas addımlar atılır. Yəni türk dövlətlərinin iqtisadi gücü birləşdirilir. İqtisadi imkanların birləşdirilməsi isə dünyanın iqtisadi-siyasi mənzərəsini dəyişə bilər. Belə bir birliyin formalaşması isə həm də neft-qaz ehtiyatlarına malik nəhəng bir gücün ortaya çıxması deməkdir. Odur ki, bu gücün qarşısında nə Avropa, nə Ərəb Liqası, nə ABŞ, nə də İran və ya Rusiya dayana bilər. Ona görə də əminliklə deyə bilərik ki, XXI əsr Türk Dünyasının əsridir”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər