Terror aktı baş vermiş əraziyə gələn şəxsin emosiyaları hər zaman eynidir. Bu, terror aktının nə vaxt və harada icra olunmasından asılı deyil.
Bunu Gəncədə səfərdə olan Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
O, iki il öncə Gəncəyə səfər etdiyini xatırladıb: “Çox yaxşı xatırlayıram, 2 il bundan öncə biz bura, Gəncəyə gəlmişdik. Şəhər atəşə tutulduqdan sonra burada barıtın iyi hiss olunurdu. Ola bilsin ki, 2 ildən sonra barıt qoxusu artıq yoxdur, lakin həmin emosiyalar qalıb, əsasən də həlak olan uşaqların oyuncaqlarını görəndə... Bu emosiyalar daha da artıb. Məni hər zaman valideynlərim öyrədib ki, insan ağrı hiss edirsə, o sağdır, lakin nə zaman ki, digər şəxsin ağrısını hiss edirsən, sən insansan. Buna görə də, ukraynalılara bu bəlkə daha da aydındır, ələlxüsus da indiki dövrdə”.