Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Yeni Müsavat” qəzetinə və Musavat.com saytına geniş müsahibə verib. Olduqca maraqlı və oxucularımız üçün sensasion məqamlarla zəngin müsahibəni təqdim edirik:
- Adil müəllim, Milli Məclisin sədr müavini seçilmənizdən sonra sizinlə ilk dəfədir həmsöhbət oluruq. Yuxarıdan, sədarətdən zala baxanda tərkib və eyni zamanda fəaliyyət necə görünür?
- Əvvəla, təşəkkür edirəm, bəli, ilk dəfədir ki, biz 2020-ci il seçkilərindən sonra görüşürük. Hesab edirəm ki, sədarətdə təmsil olunmağım mənim üçün böyük şərəfdir, qürurdur. Yuxarıdan da çox gözəl seyr edilir. Millət vəkillərinin fəaliyyəti, oturuşu, davranışına gəldikdə, hesab edirəm ki, bu gün Milli Məclislə qürur duymaq olar.
- Həm sosial şəbəkədə fəalsınız, eyni zamanda komitə rəhbəri olaraq idmançılarla və gənclərlə vaxtaşırı görüş keçirirsiniz, şəhid ailələri və qazilərimizlə görüşləriniz olur, həmçinin çoxsaylı məqalələriniz dərc olunur. Vaxt baxımından problem yaşamırsınız?
- Açığını deyim, vaxtımız çox məhduddur. O səbəbdən tələb olunan tədbirlərdə də bir o qədər iştirak etməyə imkanımız olmur. Buna baxmayaraq, komitə sədri olaraq, bizim iş və tədbirlər planımız var, bu plan üzrə tədbirləri həyata keçiririk. Daxili mətbuatla bərabər, dünyanın müxtəlif ölkələrində məqalələr dərc etdirirəm, çalışıram ki, həqiqətlərimizi dünyaya doğru şəkildə çatdıraq. Məsələn, Laçın şəhərində müharibədən sonra Ermənistanda istehsal edilmiş və basdırılmış minalar var, artıq bu barədə yazı gedəndə insanlar başa düşür ki, işğalçı Ermənistan hələ də öz siyasətindən əl çəkməyib. Eləcə də, çalışıram ki, xarici ölkələrin parlamentariləri ilə görüşərkən bu məsələləri xüsusilə vurğulayaq, bu cəhətdən qrafikimiz kifayət qədər gərgindir. Məsələn, bir nüansı vurğulamalıyam ki, işlərimin çoxluğu ilə əlaqədar Azərbaycan Kikboksinq Federasiyasının prezidenti vəzifəsini yeni əməkdaşlara təhvil verdim. Təbii ki, işimiz gənclərlə, idmanla bağlı insanlarımızladır. Eyni zamanda şəhid ailələri və qazilərimizlə olan tədbirlərin hamısında iştirak etməyə də çalışıram. Ümumiyyətlə, vaxt məhdudiyyəti olmadıqda, başqa dəvət olunduğum tədbirlərdə də iştirak edirəm. Çalışıram ki, gənclər komitəsində olduğuna görə gənclərə nümunəvi fəaliyyət göstərim. Eyni zamanda müəllif yazıları ilə çıxış edirəm. Ölkəmizin taleyüklü məsələləri, həyata keçirilən çox böyük layihələr, istər daxildəki prosesləri, 2020-ci il Vətən müharibəsindən sonra həyata keçirilən işlər, istər beynəlxalq aləmdəki dövlətimizin apardığı uğurlu siyasətlə bağlı çalışırıq ki, öz auditoriyamıza, öz seçicilərimizə, gənclərə çatdıraq. Vətən müharibəsində Azərbaycan gəncliyi üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəldi, qazandığımız tarixi Qələbə istər elmdə, istərsə də idman yarışlarında uğurlarımızı stimullaşdırır. Bu gün dövlət gənclər üçün böyük imkanlar yaradır, təhsilin müxtəlif pillələrində gənclərimiz dünyanın ən qabaqcıl universitetlərində təhsil alırlar. Azərbaycan gəncini vətənpərvər, intellektual, elmli və fiziki cəhətdən hazır gənclik hesab edirəm.
- Bəs, seçiciləriniz necə, sizdən razıdır?
- Onu seçicilərdən soruşmaq lazımdır. Hesab edirəm ki, maksimum dərəcədə seçicilərimizin tələblərinə uyğun fəaliyyət göstərməyə çalışırıq. Təbii ki, müxtəlif şaxəli tələblər, istəklər olur, çalışırıq ki, maksimum dərəcədə onların problemlərinin həlli istiqamətində yanlarında olub kömək edək. 2 illik fəaliyyətimlə bağlı bu ilin mart ayında hesabatı təqdim etdim, həmin sənəddə bu müddət ərzində görülən bütün fəaliyyətimiz əks olunub. Dediyimiz kimi, bəzən elə məsələlər olur ki, onu mətbuatda işıqlandırmağın lehinə deyilik, lakin mətbuat istədiyi sualı ünvanlandıracağı təqdirdə cavab verməyə hazıram.
- Sahibə xanım necə sədrdir? Kənarda kifayət qədər tələbkar olduğu hiss edilir, onunla işləmək çətin deyil ki?
- Yəqin ki, siz ilk dəfə deyil ki, bu sualı verirsiniz və hər kəsdən də eyni cavabı alırsınız. Sahibə xanım rəhbər və sədr kimi çox gözəl sədrdir və onunla işləmək də çox asandır. Cənab Prezident İlham Əliyevin 2020-ci ildə Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində bizi üçün çox dəyərli tövsiyələr irəli sürdü. Başda Milli Məclisin sədri olmaqla, bütün deputat həmkarlarım qarşıda dayanan vəzifələrin öhdəsindən gəlmək üçün tam səyləri ilə fəaliyyət göstərir. Sədr tərəfindən qanunverciliyə uyğun bütün fəaliyyət qaydaları ortaya qoyulub və bu qaydalara uyğun çalışmaq düşünürəm ki, çox asandır. Hər kəs qanunvericliyə və daxili nizamnaməyə uyğun fəaliyyət göstərir, ona da uyğun biz çalışırıq ki, heç bir neqativ hallara yol verilməsin. Eləcə də, Milli Məclisdə aparılan islahatlar nəticəsində peşəkar gənc kadrlar mühüm vəzifələrə irəli çəkildi, ölkəmizdə 2018-ci ildən aparılan islahatlar Milli Məclisdə də müşaiyət olunur. O səbəbdən də çalışmaq çox asan və gözəldir. Sahibə xanım ümumiyyətlə, çox məsuliyyətli və ağır iş planı üzrə çalışır və hər birimiz dəstəkləyirik, gücümüz çatan qədər verilən tapşırıqlara, məsələlərə vaxtında əməl etməyə səy göstəririk. İntelektual və koordinasıyalı işləyən komandanın ortaya qoyduğu işlə bağlı cəmiyyətdən müsbət impulslar gəlməkdədir. Dövlət başçısının təşəbbüsü, Sahibə xanımın rəhbərliyi ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis edilməsi, daha sonra Bakıda böyük konfransın keçirilməsi dövlətimiz adına Hərəkata verilən böyük töhfədir.
- Adil müəllim, Azərbaycanın Qarabağ bölgəsində tam hakim olacağı, bayrağımızın Xankəndində dalğalanacağı günü hər birimiz həsrətlə gözləyirik. Sizin həm rəsmi şəxs olaraq, həm də Azərbaycan vətəndaşı olaraq gözləntiləriniz nədən ibarətdir? Xüsusilə də müxtəlif qurumlar, paytaxtlar yenidən nələrsə qarışdırmağa çalışırlar, katalizatorluq funksiyası fəaliyyətə gətirirlər, gərginliyi tətikləmək istəyirlər. Siz bu proseslərin nəticəsini necə görürüsünüz?
- Bilirsiniz, Azərbaycan 2020-ci ildə elə böyük uğur, zəfər əldə etdi ki, istər daxili auditoriya, istər beynəlxalq aləm, Azərbaycanı sevməyən qüvvələr hələ bu təsirdən çıxa bilməyiblər. Kiminə xoş, kiminə neqativ təsir bağışlayır və hesab edirəm ki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanımız qarşısında qoyduğu bütün o çətinliklərə, görüləsi işlərə bu vaxta qədər nail olubdursa, bundan sonra da nail olacaq. Bu günlərdə dünyada çox böyük proseslər gedir, Azərbaycan-Ermənistan münasibətləri, Qarabağla bağlı böyük müzakirələr aparılır, çox böyük təzyiqlər var. Buna baxmayaraq, dövlətimiz, cənab Prezident bunun öhdəsindən layiqincə gələcək. Müəyyən zaman tələb olunur, məsələlər birdən-birə həll olunmur. Torpaqlarımızı işğaldan azad etmək üçün 30 ildən artıq mübarizə və danışıqlar aparıb, eyni zamanda da ordu quruculuğu ilə məşğul olmuşuqsa, bundan sonra da bu məsələlərdə uğur əldə etməsi üçün ağılla, beynəlxalq qanunvericilik və kodekslərə uyğun olaraq bir plan ortaya qoymaq və öz problemlərimizim həllində müəyyən məsələləri həll etmək olar. Azərbaycan hazırda, dediyim kimi, çox böyük təzyiqlərlə üz-üzədir, haqsızlıq, ikili standartlar mövcuddur. Azərbaycanın uğurunu həzm edə bilməyən dövlətlərin rəhbərləri bu gün sanki bütün problemlərini kənara qoyub Azərbaycan-Ermənistan məsələsi ilə məşğul olurlar. Amma Azərbaycan haqq yolundadır, öz əzəli torpaqlarının, sərhədlərinin dəqiqləşdirilməsini istəyir, hansısa dövlətin ərazisinə iddialı deyil, Azərbaycanın həqiqətlərini bilənlər bilir, bilmək istəməyənlərə də Azərbaycan dövləti istər diplomatiya sahəsində, istər platformalardakı aparılan danışıqlar sahəsində bunu dünyaya çatdırır, dünyanı məlumatlandırır.
- Amma eyni zamanda reallığı və beynəlxalq hüquqa uyğun addımlarımızı qəbul etməyənlər də az deyil. Elə Makronun davranışları konkret misaldır. Bundan sonra Fransanın bu prosesdə hansısa formada iştirakını mümkün sayırsınızmı?
- Ümumiyyətlə, vaxtilə Fransanın Minsk qrupunun həmsədri kimi prosesdə iştirakını Azərbaycan dövləti məqbul saymamışdı. Hələ o vaxtlar ulu öndər Heydər Əliyev bu ölkənin vasitəçiliyini qəbul etmirdi. Çünki birmənalı olaraq Fransa Ermənistanı dəstəkləyir, odur ki, bu dövlətin həmsədr olması məqsədəuyğun deyildi. Elə o vaxtdan biz fransızların həmsədr olmasını istəmirdik. Təbii ki, biz özümüz öz problemimizi həll edəndən sonra da ATƏT-in Minsk qrupunun fəaliyyətini görmədiyimiz üçün yenidən onun bərpa olunmasını, yaxud başqa ad altında bölgəyə missiya göndərməsini qəbul edə bilməzdik. Azərbaycan heç vaxt bu təşəbbüsü qəbul etməyəcək və onlar istəsələr də, istəməsələr də, Azərbaycan öz istəyinə nail olacaq! Çünki onların istədikləri və söylədikləri müvəqqəti xarakter daşıyır. Deyək ki, onlar seçkilər ərəfəsində, yaxud seçkilərdən sonra hansısa bəyanalar səsləndirirlər, amma sonrakı mərhələsində onların bəyanatları sabun köpüyü kimi yoxa çıxır. Biz iki qonşu ölkə olaraq özümüz ortadakı məsələləri həll etməliyik.