Ağdaş Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qabil Vəfadarovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin (CM) 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinib aylıq qazancından on beş faiz məbləğində dövlət nəfinə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkəcək.
İttiham aktına görə, hadisə bu il avqust ayında Ağdaş rayon ərazisində qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü Qabil Vəfadarov həyat yoldaşı Səkinə Vəfadarovanı (ad, soyadı şərti) evdə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı döyüb. O, qadının baş və üz nahiyəsinə ayağı ilə qəsdən vurub.
Qabil Vəfadarov məhkəmədə CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində özünü təqsirli bilib.
O deyib ki, oğlu Sabir Vəfadarovun (ad, soyadı şərti) son zamanlar kimləsə telefonda çox danışmasını görüb:
“Oğlma görə narahat idim. Arvadım Səkinəyə də Sabirin kimlə danışmasını, kimə qoşulması barədə maraqlanmasını dedim. Həmin gün saat 15:00 radələrində Səkinə evdə tək idi. O, Sabir barəsində yenə danışmağa başladı. Arvadımın mənə oğlumun bir nəfər qadına qoşulmasını güman etdiyini, həmin qadının da deyəsən ailəli olduğunu söylədi. Sabirin də son vaxtlar həmin qadınla münasibətdə olduğunu bildirdi. Səkinənin bu sözlərindən çox əsəbləşdim. Arvadım “bir oğlum var, o da mənim başımı yerə vurmaq istəyir bu hərəkətlə?” dedi. Sonra Səkinə mənimə yüksək səslə danışmağa başladı. Ona “səsini aşağı sal, məni əsəbləşdirmə” dedim, lakin həyat yoldaşım yenə mənimlə yüksək səslə danışdı. Əsəblərimi cilovlaya bilmədim və Səkinəni döydüm. Bundan sonra isə yaşadığım evdən çıxdım və yaxınlıqda olan qardaşımın evinə getdim”.
Kamal Məmmədov