Abşeron Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Şahmar Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın ələ etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Hökmdə göstərilib ki, Şahmar Hacıyev barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
Qeyd: Hadisə 2021-ci il noyabrın 8-də Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən Yol İstismarı İdarəsinin həyətində qeydə alınıb.
Belə ki, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Şahmar Hacıyevlə Xırdalan şəhər sakini İmamverdi Alyarov əvvəl mübahisə edib. Mübahisə zamanı Şahmar Hacıyevin itələməsi nəticəsində İmamverdi Alyarov Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölüb.
Cinayəti törətməkdə şübhəli bilinən Şahmar Hacıyev saxlanılıb.
Daha sonra onun barəsində Cinayət Məclləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırlatma: Həmin şəxslər Abşeronda Yol İstismar İdarəsinin işçiləri olub.
Kamal Məmmədov