Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Baba Vəziroğlu: “Heydər Əliyevin heykəli Şuşanın ən uca nöqtəsində qoyulmalıdır”

1 120
Paylaş:
Baba Vəziroğlu: “Heydər Əliyevin heykəli Şuşanın ən uca nöqtəsində qoyulmalıdır”

“Azərbaycanda bəlkə də ən böyük iki məqbərə var. Biri Nizaminin, biri Vaqifindir. Üçüncü böyük məqbərə tanımıram. Heykəllər ola bilər, amma məqbərə yoxdur. Molla Pənah Vaqif Qazaxda doğulub, buna baxmayaraq, onun yaradıcılığı, fəaliyyəti Şuşada keçib. Azərbaycanın göz muncuğu Şuşada Vaqifin məqbərəsi hələ Sovet dövründə qoyulub. Cənab Prezidentin göstərişi ilə yenidən bərpa edilib. Hər il Vaqifin məqbərəsi önündə Azərbaycanın söz adamlarının, ictimaiyyətin bayramı keçirilir. Vaqifə yetərincə diqqət ayrılır, şəxsiyyətinə, yaradıcılığına böyük ehtiram var. Hələ bir adamdan da eşitməmişəm ki, onun vəzirlik fəaliyyətini müzakirə etsin, desin “Vaqif ruspərəst idi”, yaxud “türkpərəst, İranpərəst idi”. Haradan bilirik ki, Nizami, Füzuli vaxtilə nə edib?”

Bu sözləri Pravda.az-a Əməkdar incəsənət adimi, tanınmış şair Baba Vəziroğlu deyib.

B.Vəziroğlu vurğulayıb ki, Əbülqasim Firdovsi də yaradıcılığının böyük hissəsini şahlara həsr edib, “Şahnamə” əsərini yazıb: “Bunun nə dəxli var axı? Vəzirlik Vaqifin yaşadığı qısa dövrdə gördüyü məişət işləridir. İstəyər şahla, istəyər rus çarı ilə dost olar, bunun heç bir əhəmiyyəti yoxdur. Heç ona Azərbaycanpərəst, ruspərəst də deməzdim. Vaqif “pərəst” olubsa da, gözəlpərəst olub. Gözəlliyi, gözəlləri çox sevib, bu, bütün yaradıcılığında əksini tapıb. Kiminlə dostluq etdiyi, kimə meyil etdiyi isə yaşadığı qısa ömrün tarixçəsidir. Axı yazıçı, şair, sənətkar yaşadığı dövr üçün, əhatəsindəki çevrə üçün yaşamır, laməkan və lazaman olur. Vaqif bu gün 200 ildən sonra xatırlanır, sevilirsə, ona ehtiram göstərilirsə, yenidən onun vəzirlik, “eşikağası” fəaliyyətini müzakirə etmək mənasız işdir”.

B.Vəziroğlu sosial şəbəkələrdə M.P.Vaqifə Lerik rayonunda əzəmətli heykəl ucaldılması barədə yayılan görüntülərə də münasibət bildirib: “Lerikdə də Vaqif poeziyasının həvəskarları varsa, nə yaxşı. Orda da heykəl qoysunlar, camaat ehtiramını bildirsin, bunun nə ziyanı var? Vaqif şəxsiyyətinə böyük ehtiram var, dövlət nə lazımdırsa, edir”.

O, bəzi deputatlar, ictimaiyyət nümayəndələrinin Şuşada mədəniyyət nümayəndələrinə deyil, dövlət xadimi, mütəfəkkir, hərb qəhrəmanlarına abidə ucaldılması təkliflərinə isə belə cavab verib: “Deputatlar həmişə “toydan sonra nağara” effekti ilə danışırlar. Bütün bunların hamısı onsuz da dövlət proqramında var. Şuşaya “mədəniyyət paytaxtımız” deyiriksə, hətta rəsmi dövlət qərarı ilə bu, təsbit olunubsa... Dövlət sərəncam versə də, verməsə də, Şuşa tarixən mədəniyyət mərkəzimizdir. Sayaq görək, oradan kimlər çıxıb? Siyahı bitməz. Təbii ki, birinci mədəniyyət nümayəndələrinin heykəli olmaldır. Heç kim özfəaliyyətlə məşğul olmasın. Şuşanın Baş Planında hər bir küçəsinin daşı da nəzərə alınıb. Baş Planı biz də görmüşük. Şuşa gələcək əsrin necə gözəl şəhəri olacaq. Bəli, Pənahəli xan Şuşanın banisidir. Şuşanı dağın başında salan, təbii ki, Pənahəli xandır. Yəqin ki, onunla bağlı da hansısa abidə qoyulacaq, qorunub-saxlanılacaq. Ona görə də özfəaliyyət yığışılmalıdır. Biri oturub çayxanada deyir “Şuşada kiminsə heykəli olsun”. Belə deyil axı. Ciddi dövlət, şəhərsalma işlərində özfəaliyyətə yol verilmir. Baş Planın üzərində həm xarici, həm yerli mütəxəssislər işləyiblər. Şəxsən mən görüb, heyran oldum ki, Şuşa, doğrudan da, analoqsuz bir şəhər olacaq. Onda Azərbaycanın bütün siyasi xadimlərinin heykəlini Şuşaya doldurmalıyıq? Belə olmaz axı. Əgər belədirsə, birinci növbədə Heydər Əliyevin heykəli ən uca nöqtədə qoyulmalıdır. Çünki bütün Şuşanı Azərbaycanlaşdıran Heydər Əliyev olub. Mən gözümün şahidiyəm, ona görə deyirəm. 1982-ci ilin o qarlı günündə Heydər Əliyevlə Şuşada Vaqifin məqbərəsinin açılışına mən getmişəm. Şuşa o zaman “Dağlıq Qarabağ”ın bir şəhəri idi. Var qüvvə ilə çalışırdılar ki, əhali nisbətini ermənilərin xeyrinə dəyişsinlər, erməni abidələri çoxalsın, Azərbaycan abidələri sökülüb-dağıdılsın. Belə bir plan var idi. Bəs buna imkan verməyən kim idi? Pənahəli xandan sonra Şuşanın ikinci elə banisi Heydər Əliyev oldu. Abadlaşdırdı, təmiz Azərbaycanlaşdırdı. Hətta Moskvanın təkidinə baxmayaraq, Şuşada həmişə rəhbər azərbaycanlı oldu. Müasir Şuşanın banisi Heydər Əliyevdir. 30 ildən sonra Şuşanı Heydər Əliyevin siyasi, hətta bioloji varisi azad etdi. Bu gün bütün dünya Şuşanın gözəlliyinə heyrandır”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər