“Adlarını ”Milli Şura” qoyaraq əslində “xəyanətkarlar şurası” formalaşdıran, xalqımıza, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı xəyanət missiyasını həyata keçirən marginal qruplaşma erməni lobbisi üzərindən verilmiş tezislərlə Azərbaycana qarşı qərəzli mövqedən çıxışlarına davam edir. Əslində bu, bir daha göstərir ki, “xəyanətkarlar şurası” erməni terrorunun tərkib hissəsidir. Azərbaycanın müstəqilliyi dövründə hər zaman bu mövqedən çıxış ediblər. “Xəyanətkarlar şurası”nın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli özünü “ağıllı” göstərərək bir sıra təhlillər aparıb. O qeyd edir ki, “Forbes” jurnalının nəşrinə görə, 1 minanın zərərsizləşdirilməsinə min dollar vəsait lazımdır, amma Azərbaycanda bu vəsaitin məbləği 25 min hesablanır. Bu günə kimi Əli Kərimli və ətrafındakılar Azərbaycan torpaqlarında mina çirklənməsi apardığına görə heç vaxt Ermənistana qarşı mövqe nümayiş etdirməyiblər. Əli Kərimli, doğrudan da, Azərbaycan xalqının maraqlarından çıxış edirsə, yaxşı olar, ilk növbədə bununla bağlı Ermənistana etirazlarını bildirməlidir ki, təkcə 44 günlük müharibədən sonra 250-dən çox vətəndaşımız mina terrorunun qurbanı olub...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat xüsusi vurğulayıb ki, görünür, Serj Sarkisyan, Robert Köçəryan, o cümlədən Nikol Paşinyanın rəhbərliyi dövründə Azərbaycan ərazilərinə mina basdırılarkən onun dəqiq sayını məhz Əli Kərimliyə veriblər: “O da minaların dəqiq sayını bildiyinə görə onların zərərsizləşdirilməsi qiymətini, görünür, rahatca “hesablayıb””.
C.Osmanov bildirib ki, Əli Kərimli Azərbaycanda şəhid ailələrinə verilən sığorta pulunu Ukraynada müharibə dövründə həyatını itirmiş ukraynalı hərbçilərə verilən sığorta pulu ilə müqayisə edir: “Birincisi, Azərbaycanda şəhid ailələrinin üzvlərinə, qazilərimizə dövlət qayğısı hər zaman dünya üçün bir nümunəvi modeldir. Azərbaycan bütün bu sosial layihələri, şəhid ailələrimizin üzvlərinə, o cümlədən qazilərimizə, 30 il boyunca yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizə göstərilən dövlət qayğısını öz gücü sayəsində həyata keçirir. Əli Kərimliyə səslənirəm ki, “sizin hakimiyyətiniz dövründə talan edilən, yox olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəni ümummilli liderimiz Heydər Əliyev, onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev xilas etdi. Azərbaycan müstəqil, maraqlara söykənən siyasət yeridir, heç bir ölkədən bununla bağlı dəstək almır. Bu gün Ukraynada baş verən hadisələr fonunda bütün dünya Ukraynaya yardımlar göstərir. Bu aydındır ki, Ukrayna bu vəsaiti öz gücünün deyil, edilən yardımların hesabına ödəyir. Bu da əslində fərqli bir mənzərə yaratmış olur. Ermənistanın havadarı Makrona, Fransa senatına, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra “quyruq” çıxaranlara açıq şəkildə nökərçilik edən Əli Kərimli və onun ətrafında olan “xəyanətkarlar şurası”nın üzvləri bilməlidirlər ki, Azərbaycan Vətən müharibəsində öz gücü ilə təkcə Ermənistana deyil, onun havadarlarına da qalib gəldi. İndi də Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terrorunun qarşısının alınmasını, zərərsizləşdirilməsini, o cümlədən şəhid ailələrinə, qazilərimizə, qaçqın və məcburi köçkünlərimizə göstərilən diqqət və qayğını öz gücü ilə həyata keçirir. Əli Kərimli və onun ətrafındakılar isə yaxşı bilməlidirlər ki, çox uzaqda olmayan o gün gələcək, Azərbaycan xalqı onları tamamilə qovacaq, necə ki Azərbaycan Silahlı Qüvvələri erməni terrorçularını, quldurlarını işğal edilmiş ərazilərimizdən qovdu. Bu formada onları da qovacaq. Həmin ərəfədə də nə Makron, nə də “quyruq” çıxaran qüvvələr onlara qucaq açmayacaqlar. Tamamilə təcrid vəziyyətdə qalacaqlar”.
Aytəkin Qardaşova