Vətən müharibəsindən sonra regionda yeni geosiyasi konfiqurasiya formalaşıb və dünyanın əsas güc mərkəzləri yeni reallıqları qəbul edib. Hazırda Cənubi Qafqazda regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində çoxsaylı təşəbbüslər irəli sürülür. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Avropa İttifaqının əsas hədəfindədir. “Brüssel sülh gündəliyi” adını alan format çərçivəsində Avropa Ittifaqı regionda öz siyasi mövcudluğunu qoruyub saxlamaq və karbohidrogen ehtiyatların nəqlinin fasiləsiz və sabit şəkildə təmin etməyi hədəfləyir. Digər tərəfdən, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda daxili siyasi böhran dərinləşməkdə davam edir. Müxalifət partiyaları baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham etsə də, Paşinyan da rəqiblərinin ittihamlarını cavabsız qoymur. O, oktyabrın 5-də Ermənistan parlamentində çıxışı zamanı əvvəlki hakimiyyətlərin “pis miras” qoyub getdiklərini deyib. “Serj Sarkisyanın stolda qoyduğu danışıqlar sənədi bu göstərici və formullarla dəyərləndirilsə, kapitulyasiya haqda sənəd idi. Serj Sarkisyan kapitulyasiya haqda sənədi hazır qoyub getmişdi”.
Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması Brüsselin əsas prioritetidir. Belə olan təqdirdə rəsmi Bakı da enerji sahəsində asılılığı əsas götürərək Ermənistanla sülh müqaviləsinin imzalanmasını və bütün proseslərin öz xeyrinə nəticələnməsini qarşıya məqsəd qoyub.
Xüsusilə qeyd edək ki, müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri əhatə edir. İnteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə korrektivlər edən, xalqların taleyində dönüş nöqtələrinə təkan verən fenomenə, eyni zamanda dünyanın inkişafının başlıca meyillərinə çevrilib. Sevindirici haldır ki, hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, mükəmməl və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan, dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz artıq dünya birliyinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib. Sözsüz ki, bunun arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır.
Xüsusilə Vətən müharibəsində əldə olunan Zəfərin nəticəsidir ki, indi Azərbaycanın iştirakı olmadan, nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün deyil. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə çevrilib.
Digər tərəfdən, Azərbaycanda gedən inteqrasiya proseslərində əldə edilən uğurlar, hər şeydən öncə Heydər Əliyevin fenomenal siyasi lider amilinə əsaslanıb. Danılmazdır ki, Azərbaycanın qazandığı uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Azərbaycan dövlətinin Avropaya və dünyaya inteqrasiyasının siyasi prinsip və əsasları Ulu Öndərin alternativi olmayan qalibiyyət kursunun ayrılmaz tərkib hissəsi idi. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən Ümummilli Liderin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi əhəmiyyətə malikdir.
Böyük əhəmiyyətə malik geosiyasi və geostrateji məkanda yerləşən Azərbaycan 1993-cü ildən etibarən həm özünün, həm də tərəfdaşlarının yetərincə faydalanması üçün əlverişli imkanlar yaratdı, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində önəmli addımlar atdı. Bu gün Azərbaycan dünya dövlətləri tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normalarına əsaslanan fəal və genişmiqyaslı əməkdaşlığını davam etdirir. Bu xüsusda ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıq münasibətlərinin qurulması diqqət çəkir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi sahələri əhatə edərək çoxşaxəli xarakter daşıyır və ölkəmizin milli maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.
Dərin ziddiyyətlərin aradan qaldırılmasında Bakının rolu
Son dövrlər Azərbaycan öz yerləşdiyi mühüm geosrateji bölgəyə görə regionun və dünyanın qlobal güclərini, böyük geosiyasi aktorlarının cəlb edir.
Oktyabr ayının əvvəlində regional münasibətlərdə baş verən təmaslara nəzər salanda Bakının böyük coğrafi arealda oynadığı mühüm rol diqqət çəkir. İsrailin müdafiə naziri Azərbaycana səfəri zamanı təhlükəsizlik məsələləri ilə bağlı önəmli müzakirələr aparıldı. İsrailin müdafiə naziri Benyamin Qansı qəbul edən Azərbaycan prezidenti İlham Əliyev görüşdə iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi apardı.
Elə eyni gündə, yəni oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Beləliklə eyni gündə bir-birilə kəskin konfrantasiyada olan geosiyasi mərkəzlər Azərbaycan ilə əlaqə quraraq regional prosesləri müzakirə etdilər. Biz İran-İsrail münasibətlərini çox yaxşı bilirik. Onların öz arasında olan ziddiyyətlərin kök salması da məlumdur. Eyni gündə rəsmi Bakı həm də Tehranla münasibətlər qurur. Bütün bunlar onu göstərir ki, Azərbaycan böyük ziddiyyətlər olan problemlərin həll olunmasında da vasitəçilik imkanlarını ortaya qoya bilər. Bu da ölkəmizin beynəlxalq nüfuzuna təsir edən amillərdən biridir. Bütün bu proseslər də müzəffər Ali Baş Komandan İlham Əliyev məhz sülhün qorunması, təhlükəsizliyin gücləndirilməsi ilə bağlı böyük təşəbbüslərlə çıxış edir. Ermənistanla sülh müqaviləsinin imzalanması da Cənubi Qafqazda sülhün dayanıqlılığının artırılmasına hesablanıb.
Oktyabrın 4-də dost və qardaş Türkiyənin hərbçilərdən ibarət geniştərkibli heyət Bakının qonağı oldu. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan müşayiət edib. Bununla yanaşı, eyni gündə Yaxın Şərqin digər mühüm geosiyasi mərkəzi ər-Riyaddan Bakıya emissarlar təşrif buyurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul etdi. Yaxın Şərq coğrafiyasında önəmli mövqeylərdən birinə sahib olan Səudiyyə Ərəbistanın xarici işlər nazirinin Azərbaycana gəlməsi də ölkəmizə verilən dəyərin göstəricisidir. Qeyd edək ki, işğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, Azərbaycanım haqlı işində davamlı dəstək verirdi. Bunun bariz nümunəsi kimi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması xüsusilə qeyd olunmalıdır. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və bu göstəricinin özü də Bakı ilə ər-Riyadın yaxınlaşmasına mühüm töhfə verir.
Bakı platforması bir çox formatlarda danışıqlar aparmaq üçün çox əlverişlidir, çünki Azərbaycanın geniş geosiyasi imkanları ərazi və əhali baxımından kiçik bir ölkənin müxtəlif coğrafiyanı əhatə edən platformalarda fəal olmasına şərait yaradır. Cəmi 2 gün ərzində Tel-Əviv, Tehran, Ankara və Ər-Riyad kimi Yaxın Şərqdə əsas və həlledici aktorlarların Bakı ilə təmaslar qurması Azərbaycanın önəmindən xəbər verməklə yanaşı, Bakının danışıqlar üçün münasib platforma kimi qiymətləndirilməsini şərtəndirir. Ümumiyyətlə Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra Azərbaycana maraq xeyli çoxalıb.
Ağdamdan xüsusi mesajlar və ATƏT-in Minsk qrupunu “diriltmək” istəyənlərə sərt xəbərdarlıq
Cənubi Qafqazın lider dövləti kimi reallaşdırdığı qlobalmiqyaslı layihələrlə dünyanı heyrətləndirməyə davam edən tarixinin ən qüdrətli Azərbaycanı daha bir ilkə imza atdı. Oktyabrın 5-6-da ölkəmiz ilk dəfə olaraq beynəlxalq şəhərsalma tədbirinə - “Azərbaycan Milli Şəhərsalma Forumu”na evsahibliyi etdi. İşğaldan azad edilmiş Ağdam şəhərində və paytaxt Bakıda iki gün davam edən toplantı BMT-nin Məskunlaşma Proqramının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə reallaşdı. 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı ilk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi.
Tədbirin əsas məqsədi dayanıqlı inkişaf və şəhərlərin bərpasına təkan verən beynəlxalq təcrübələrin mübadiləsi, şəhərlərin bərpasında Azərbaycan modelinin öyrənilməsi, habelə dünyanın müxtəlif yerlərində oxşar problemlərlə üzləşən mütəxəssislər və siyasətçilər ilə əlaqələrin qurulmasıdır.
Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən forumda çıxış edən Prezident İlham Əliyev bir daha erməni vandalizminin əyani təzahürlərini və postmüharibə dövründəki Azərbaycan həqiqətlərini göstərərək qətiyyətli mövqeyini bir daha bəyan edib. İlk forumun məhz Ağdam şəhərində baş tutmasının tarixi və rəmzi mənası var idi. İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunaraq erməni vandallarının 30 il ərzində törətdikləri cinayətləri təkcə bir şəhərimizin fonunda beynəlxalq ictimaiyyətə təqdim etdi. Prezident bunu yalnız müharibədən sonra işğaldan azad olunan torpaqlarımıza səfər edən xarici ekspert və jurnalistlərin söylədikləri həqiqətlər əsasında diqqətə çatdırdı.
Prezident 30 il ərzində erməni vəhşiliyinin əyani təzahürü olan viran edilmiş ərazilərimizin real mənzərəsini təqdim edərək bütün bunların fonunda Azərbaycanın mövqeyini də açıqlayıb. Ermənistanın tarixboyu Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti fonunda Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da bu ölkəyə sülh təklif edib. İlham Əliyev həmçinin Vətən müharibəsindən ötən iki il ərzində Azərbaycanın yalnız öz qüdrətinə, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad edilmiş torpaqlarımızda reallaşdırdığı layihələri diqqətə çatdırıb.
Digər mesaj ATƏT-in Minsk qrupu ilə bağlı idi. Bu gün Fransanın və ABŞ-ın timsalında bu heç nə yaramayan institutu bərpa etmək niyyətləri özünü biruzə verir. Bu baxımdan cənab Prezident İlham Əliyev 30 il ərzində danışıqların imitasiyası ilə və münaqişənin dondurulması ilə məşğul olan ATƏT-in Minsk qrupuna ciddi xəbərdarlıq etdi.
Azərbaycan diplomatiyasının Praqa zəfəri
Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi adlı yeni qeyri-rəsmi siyasi birliyin yaradılması həyata keçirildi. Avropa Siyasi Birliyinin liderlərinin ilk görüşü oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada, Avropa İttifaqının liderlərinin sammitindən bir qədər əvvəl keçirildi. İclasa Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunmuşdu. Qeyd edək ki, dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Çexiyanın baş naziri, birliyin prezidenti Petr Fiala imzalamışdılar. Azərbaycandan başqa, dəvət göndərilən ölkələr arasında Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var idi.
Bu ideyanın müəllifinin Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson olduğu məlumdur. Bu ideya Ukraynanın Avropa İttifaqına sürətlə daxil olmasına hesablanmışdı. Daha sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Makronun yaxın siyasi tərəfdaşı bu ideyanı inkişaf etdirərək, Avropa İttifaqından kənar bir sıra ölkələrin yeni struktura daxil edilməsini təklif etdi. Ukrayna ilə yanaşı, siyahıya Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova da daxil edildi.