“Bilirsiniz, Azərbaycan bu sahədə də birincilik göstərdi. Mənə bu gün səhər verilən məlumata görə, bəzi başqa ölkələrdə də buna oxşar fondlar yaradılır. Biz buna ancaq sevinə bilərik. Çünki bu, birinci dəfə deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər sonra başqa ölkələr tərəfindən də əsas götürülərək eyni addımların atılmasına gətirib çıxarır”.
Pravda.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Dövlət başçısı deyib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir:
“Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Bax, bu gözəl şəhərsalma layihəsi bunun əyani təzahürüdür. Böyük vəsait tələb edən bir çox işlər görülür. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.