Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sirac Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli məmmədovun sədrli ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il 6 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Sirac Quliyev ondan ötrü təqsirləndirilir ki, o, təkrarən və zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmiş, eləcə də təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə, yəni dələduzluq etməyə cəhd edib.
İbtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən, Sirac Quliyev zərərçəkmiş Fəttah Əliyev (ad, soyadı şərti) etibarından sui-istifadə edərək Çindən telefon aksessuarlarını Azərbaycana gətirərək satıb gəlir əldə edəcəyini vəd verib. O, 2019-cu ilin may ayında Bakı şəhəri ərazisində yerləşən “Qara Qarayev” metro stansiyasının yaxınlığında Fəttah Əliyev 92 500 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Sirac Quliyev Fəttah Əliyevin qohumu Vilayət Əsədovun (ad, soyadı şərti) etibarından sui-istifadə edərək Dubay şəhərindən Azərbaycana kompüter gətirərək satıb gəlir əldə edəcəyini vəd verib. O, 28 avqust 2019-cu il tarixdə, saat 11:00 radələrində Vilayət Əsədovdan 52 000 manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəyib.
Həmçinin Sirac Quliyev təkrarən, özgənin əmlakını ələ keçirmə məqsədilə zərərçəkmiş Fəttah Əliyevin etibarından sui-istifadə edərək Çindən gətirdiyi avadanlıqların karqoda olduğunu, həmin avadanlıqları satıb gəlir əldə edəcəyini vəd verib. O, 2019-cu ilin noyabr ayında Bakı şəhəri ərazisində Fəttahdan 31 800 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.
Sirac Quliyev zərərçəkmişlərə ümumilidə 176 300 manat məbləğində dələduzluq edib.
Kamal Məmmədov