“Demoqrafik proseslərə obyektiv və subyektiv amillərin təsiri olur. Əhalinin artım səviyyəsinin aşağı düşməsini təkcə iqtisadi-sosial vəziyyətin pisləşməsi ilə əlsaqələndirmək düzgün deyil. Azərbaycanda doğum sayının sürətlə azalması prosesi gedirsə, buna hazırda müəyyən iqtisadi problemlərin təsiri var. Bildiyiniz kimi, dünyada gedən inflyasiya insanların maddi rifahına mənfi təsir edir. Pandemiya dövründə də insanlar müəyyən formada iş yerlərini itirdilər. 2020-ci ildə Vətən Müharibəsi də bu məsələyə təsirini göstərdi. Çünki xeyli şəhidimiz oldu və böyük əksəriyyəti kişilər, gənclər idi. Bu proseslərin özü həm psixoloji, həm də sosial mənada insanların dünya görüşünə, mentalitetinə təsirsiz ötüşmür”.
Bu sözləri Pravda.az-a iqtisadçı-ekspert Eyyub Kərimli Azərbaycanda son illər doğuş sayının azalmasının səbəbləri barədə danışarkən deyib.
Ekspertin sözlərinə görə, son illərin tendensiyası deməyə əsas verir ki, bu problem aradan qalxacaq: “Dövlət tərəfindən aparılan iqtisadi-sosial işlər də insanların rifahının yüksəldilməsinə yönəldilib. Növbəti illərdə inflyasiyanın azalması, hardasa, demoqrafik proseslərə təsirlərini göstərəcək. Bu gün dünyada gedən qeyri-sabit situasiya – həm müharibələr, həm iqtisadi proseslər demoqrafik problemlərə yol açır. Ümumiyyətlə, dünyada ailə institutuna təzyiqlər artıb. İnsanlar daha çox sərbəst yaşamağı seçir, artıq məsuliyyəti özlərinə öhdəlik kimi götürmək istəmir, gənclər karyera qurmağın, təhsillərini artırmağın ardınca gedir və bunun üzərində daha gec ailə qurmağı planlaşdırırlar. İnsanların artıq prioritetləri dəyişir. Ailə planlanması karyera və təhsildən ikinci, hətta üçüncü plana keçməkdədir. Bu gün ölkəmizdə mental dəyərlərin deformasiyasını və ya hansısa formada dəyişməsini də müşahidə edirik. Daha çox qadınlara, gənclərə sərbəst yaşamaq, asılı olmamaq kimi mental dəyərlərin də təziqləri var. Bütün bunlar demoqrafik vəziyyətin mənfi istiqamətdə formalaşmasına gətirib çıxarır”.
Aytəkin Qardaşova