Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ekologiya və ətraf mühitin qorunması üçün dövlət tərəfindən məqsədyönlü siyasət həyata keçirilir – RƏY

1 322
Paylaş:
Ekologiya və ətraf mühitin qorunması üçün dövlət tərəfindən məqsədyönlü siyasət həyata keçirilir –       RƏY

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin qarşısının alınması, bu sahədə işlərin təkmilləşdirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir. Ekoloji məsələlər ümumbəşəri problem kimi qəbul olunur. Hazırda bütün dünyada ekologiyanın mühafizəsi ən aktual məsələdir.

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəməliyev bildirib ki, Azərbaycanda ekologiya və ətraf mühitin qorunması üçün dövlət tərəfindən məqsədyönlü siyasət həyata keçirilir.

Deputat deyib ki, Bakı şəhərinin ekoloji mühitinin müsbət yöndə dəyişdirilməsi, sağlamlaşdırılması üçün yaşıllıqlar salınır: “Məişət tullantılarının təkrar emalı istiqamətində kifayət qədər xeyli addımlar atılıb. Cənab Prezidentin təşəbbüsü ilə Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodu ölkədə təkrar emal sahəsini inkişaf etdirmək məqsədilə inşa edilmişdir. Eyni zamanda respublikanın bütün şəhər və rayonlarında yaşıllıqlar salınır, yeni meşə örtüyü bərpa olunur, meşələrin təbii bərpası istiqamətində çoxlu sayda məqsədyönlü proqramlar həyata keçirilir, yaşıllaşdırılma prosesi il boyu davam etdirilir. Birinci vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Hərəyə bir ağac əkək” layihəsi çərçivəsində ölkə ərazisində milyonlarla ağac əkildi. İşğaldan azad olunmuş torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklər nəticəsində ekologiyamıza dəymiş ziyan aradan qaldırılır. Qarabağda yeni meşə zolaqları, akvaparklar salınır. Ekologiyanın tərkib hissəsi olan yeraltı və yerüstü su hövzələrinin idarə olunması istiqamətində işlər həyata keçirilir. Ənənəvi enerji istehsalı ilə bağlı alternativ və bərpa olunan enerjiyə böyük üstünlük verilir. Getdikcə respublikanın ümumi elektrik enerjisinin təminatı strukturunda alternativ yaşıl enerjiyə keçid istiqamətində yeni elektrik stansiyaları inşa olunur. Məişət tullantılarının axar sulara tullanmasının qarşısı alınır, sənaye müəssilərində Xəzərin çirklənməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir”.

N.Məhəməliyev deyib ki, transsərhəd çaylarımız Ermənistan tərəfindən çirkləndirilib: “Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır.  Transsərhəd çayların zəhərlənməsinin qarşısının alınması məqsədilə beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılır. Ekoloji və ətraf mühitə münasibət problemləri bəşəri problemlərdir. Bu, təkcə hansısa ölkənin vəzifəsi deyil. Bu problemlərlə dövlətlər, eyni zamanda hər bir fərd, vətəndaş harada yaşamasından asılı olmayaraq ciddi məşğul olmalıdır”.

Deputat bildirib ki, dünyada baş verən iqlim dəyişiklikləri, getdikcə istiləşmə fonunda səhralaşma prosesləri gedir: “Təxminən, orta hesabla hər 12-15 kilometr ərazidə Şimala doğru səhralaşma prosesi gedir. Bu da ekoloji problemlərlə yanaşı iqtisadi problemlərlə nəticələnir, əhalinin sosial vəziyyəti ağırlaşır, ərzaq təhlükəsizliyi məsələləri ən qabarıq şəkildə özünü göstərir. Şimal, eyni zamanda Cənub qütbündə, Arktikada, Antraktidada daimi buzlaqların əriməsinə səbəb olur. Bu da dünya okeanında suyun səviyyəsinin kəskin şəkildə qalxmasına səbəb olur və bərabərində təbii fəlakətlər, sel, torpaq uçqunları gətirir, ümumi planetimizin, ekoloji mühitin korlanması ilə nəticələnir. Qafqaz regionunun, xüsusilə Cənubi Qafqazın ekoloji mühitinə mənfi təsir göstərən, Ermənistan ərazisindəki “Metsamor” atom elektrik stansiyasıdır. Baxmayaraq ki, artıq bu stansiya istismar müddətini keçib, köhnə SSRİ texnologiyası ilə işləyən AES-dir. Bu stansiyanın bağlanması ilə bağlı Avropa İttifaqının da qərarı var. Lakin buna baxmayaraq, Ermənistan hökuməti bu stansiyanın istismar müddətini dəfələrlə müxtəlif bəhanələrlə uzadır. Bu da regionun ekoloji mühitinə mənfi təsir göstərir. Bu səbəbdən cənab Prezident ekoloji mühitin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi istiqamətində çox ciddi addımlar atır, dövlət siyasətini istiqamətləndirir ki, Azərbaycanda maksimum ekoloji sağlam mühit yaransın. Bu isə insanların sağlamlığı, onların yaşayış tərzinin yaxşılaşdırılması, xəstəliklərin azalması ilə nəticələnir. Hesab edirəm, Azərbaycan dövləti ekoloji və ətraf mühitin mühafizəsi istiqamətində qlobal mənada öz töhfəsini verir”.

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli isə bildirib ki, ötən əsrin 90-cı illərindən və yaşadığımız dövrdə, ümumiyyətlə, dünyada ətraf mühitə diqqət artırılmağa başlayıb:

“Ekologiyaya münasibət bir az sərtləşdirilib. Bu, BMT-nin tədbirlərində, “Böyük İyirmilik” sammitlərində tez-tez səsləndirilib. Paris İqlim Sazişi və s. bunların hamısı o deməkdir ki, artıq çevrəyə biganəlik ortadan qalxıb. Təəssüf ki, dünyada iqlim dəyişiklikləri sürətlə gedir. Bunun da səbəbkarı ətraf mühitə daha çox zərər verən bir neçə dövlətdir. Amma ümumən hamısı antropogen amillə bağlıdır. Elm, texnika inkişaf etdikcə çevrəyə vurulan zərərlər də artmaqdadır. Qlobal anlamda bu barədə ətraflı danışmaq olar. Amma lokal olaraq Azərbaycan da bu məsələlərdən heç də kənar qalmır. Ölkədə ekoloji maarifçilik istənilən səviyyədə deyil. Əlbəttə, QHT olaraq insanlarla təbliğat, maarifləndirmə işləri aparırıq, mümkün olanları etməyə çalışırıq. Amma bu, təkcə adi insanların üzərinə düşən məsələ deyil, məsələ köklü həll olunmalıdır. Bunun üçün də ölkədə ibtidai təhsil haqqında konsepsiya qəbul olunmalıdır. Bunu hər zaman deyirəm. Bağçadan başlayaraq 6-cı sinfə qədər məktəblilər milli, ümummilli təhsil almalıdırlar. Ümummilli təhsilin tərkib hissələrindən biri də ətraf mühitə diqqət, qayğıdır, vəhşi aləmə, ev və çöl heyvanlarına duyarlılıq, onlardan qorxmamaq, qayğı göstərməkdir. Bunun üçün mütləq şəkildə təhsillə bağlı ciddi işlər görülməlidir. Nə qədər ki biz bağçadan başlayaraq bu işləri aparmırıq, yaşlı nəsil də biganə olaraq qalacaq. Bizi tərbiyələndirəcək nəsil bağçalarda yetişəcək. Bu, önəmlidir”.

Q.İbrahimli bildirib ki, bütünlüklə Azərbaycanda ekologiyaya qarşı duyarsızlıq olduğunu demək olmaz: “Dövlət bu sahədə işlər görür. Zibil toplanmasından yaşıl enerjiyə qədər Azərbaycan hökuməti lazımi addımlar atır. Qaz ehtiyatlarımız çoxdur. Elektrik enerjisi alınmasında qazdan daha çox istifadə etdiyimizə görə karbonbioksid ayrılması azdır. Amma digər tərəfdən məzarlığa atılmalı maşınların ölkəyə idxal olunaraq vətəndaşlarımıza satılması, bu maşınların yollarımızda hərəkəti havada karbon emissiyasının artmasına səbəb olur. Bütün bunların olmaması üçün ciddi tədbirlər görülməlidir. Bu sahədə iş görəcək ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nazirlər Kabineti və digər dövlət qurumlarıdır. Belə olsa, ümid edirəm, hər şey istədiyimiz səviyyədə gedər. Azərbaycan təbiətinin qorunması üçün əlimizdən gələni etməliyik. Su ehtiyatlarımızın 70%-i, bəlkə daha çoxu xaricdən gəlir. Bu sahədə sıxıntılarımız var. Su ehtiyatlarımızın böyük hissəsi Qarabağda ermənilərin işğalı altındaydı. Bir hissəsini torpaqlarımız azad olunandan sonra təmin etmişik. Amma bunların heç biri əsas vermir ki, ətraf mühitə duyarsız yanaşaq. Tövsiyə edirəm, hər bir vətəndaşımız bu məsələyə biganə qalmasın, təbiətə qarşı diqqətli olsun”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər