Bu gün dünyanın gözü önündə beynəlxalq aləmdə siyasi, hərbi, iqtisadi güc olaraq özünü təsdiq etmiş Azərbaycan şahə qalxmaqdadır. Azərbaycanın yanında bütün dünyada söz sahibi olan bir Türkiyə Cümhuriyyəti var. Bu gün Türk Dünyasında ciddi şəkildə yaxınlaşma, iqtisadi, hərbi, siyasi mənada ortaq məxrəcə gəlmək məsələsində razılıq var. Bu istiqamətdə mühüm müqavilələr, sazişlər imzalanır. Nəticə etibarilə, bir türk gücünün formalaşması gedir. Qarşısında isə bunu öz gələcəyinə təhdid kimi görən fars rejimi var. Bu rejimin hərəkətləri bilirsiniz nəyə bənzəyir? Bunu orada yaşayan xalqları təhqir etmək fikri ilə demirəm. Sadəcə, Azərbaycana qarşı düşmən mövqedən çıxış edənləri nəzərdə tutaraq bir misal çəkmək istəyirəm. İt hürür, həm də quyruğunu bulayır. Soruşarlar ki, niyə hürürsən? Deyir, “qorxuduram”. Soruşurlar “bəs quyruğunu niyə bulayırsan?” Deyir, “axı həm də qorxuram”
Bu sözləri Pravda.az-a müsahibəsində Xalq artisti Nurəddin Mehdixanlı deyib.
“Bu gün Azərbaycanın sərhədlərində çoxsaylı Quru Qoşunları toplamaq, keçmişdən qalmış yüzlərlə “qrad, katyuşa astanovkaları”nı sahil boyu düzmək, Azərbaycana gücünü göstərmək, “əzələ nümayiş etdirmək”, əslində İran-fars rejiminin mahiyyətini açıb, ortaya qoyur. Əgər bir ölkənin xarici işlər naziri “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyi deməkdir” deyirsə, ən yüksək rütbəli dövlət nümayəndələri, dini lideləri “Ermənistanın təhlükəsiziliyi İranın “qırmızı xətti”dir” deyirsə, onda dostla düşməni müəyyən etmək üçün artıq bütün pərdələr görünür. Gözümüzün qabağında sözdə “qonşu”, “dost, “qardaş” ifadələri işlənsə də, artıq dolayısı ilə, yaxud açıq şəkildə Azərbaycanı hədələmək fikrinə belə düşüblər. SEPAH-ın Ali Baş Komandanı açıq şəkildə Azərbaycanı təhdid edirsə, bu, onların aqoniya vəziyyətində olduqlarının göstəricisidir. Onların gözlərinin qarşısında Qarabağda Azərbaycan Ordusunun həmlə əməliyyatı olub. Bu da gözlərini çox möhkəm qorxudub. Amma bizim heç kimin nə torpağında gözümüz var, nə də müharibə istəyirik. Sadəcə, yerləşdiyimiz regionda sabitlik, rifah, çiçəklənmək istəyirik. Abadlıq işləri ilə məşğuluq. Sülh istəyirik. Bu regionun iqtisadi cəhətdən yüksəlməsini istəyirik. Bu da yüzdə-yüz Azərbaycan-Türkiyə-Orta Asiya xəttinin bir güc halına gəlməsindən keçir. Bundan hamı faydalanacaq. İranın Ali dini rəhbəri “Biz ona görə Zəngəzur dəhlizinə qarşıyıq ki, Zəngəzur dəhlizi açılarsa, Türk Dünyasının birləşməsinə gətirib çıxara bilər. Bu, bizim üçün təhlükədir. Ona görə də biz Ermənistanı Orta Asiya gücləri ilə Qafqaz və Türkiyə arasında bir əngəl olaraq görmək istəyirik” deyə açıq söyləyirsə... Bu gün biz o sərhədə qoşun düzmədik. Orada yeni hava limanının açılışını göstərdik. Yollar tikirik, dəmir, avtomobil yolu, yaşayış binaları, iş yerləri, su-elektrik stansiyaları açırıq. Bu, artıq bizim niyyətimizin göstəricisidir. İranın sərhədin o tayında “kuklavod”luqla məşğul olması da onun niyyətinin göstəricisidir. Bu, İran fars rejimi tərəfindən nə bir qonşu ölkə kimi, nə də müsəlman ölkəsi kimi əxlaqlı addımdır. İran axı özünə “müsəlman ölkəsi” deyir. Çünki sən Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, 1 milyondan yuxarı azərbaycanlı, müsəlmanı yerindən-yurdundan edən, qəbristanlıqları xaraba qoyan, məscidlərində donuz saxlayan, inək tövləsinə çevirən bir millətə deyirsən ki, “biz mənşə etibarilə eyni millətik, Ermənistan bizim qardaş ölkəmizdir, onun təhlükəsizliyi məsələsi İranın təhlükəsizliyi məsələsidir”. Onda bir gün Azərbaycan xalqı da ayağa durub deyəcək ki, Azərbaycanın maraqları 40 milyon azərbaycanlının maraqlarıdır, 40 milyon azərbaycanlının hüquq və azadlıqlarının qorunması Azərbaycan xalqının tələbidir. Bizim də deyəcəyimiz sözlər, atacağımız addınlar var. Amma Ali Baş Komandanımızın bir sözü var, “biz nəyi nə zaman necə etmək lazım olduğunu yaxşı bilirik”. Bizim ərazimizdə qonşu ölkənin heç bir hərbi qüvvəsi yoxdur. Biz öz gücümüzə güvənirik. Bu gün İran yaddan çıxarmasın ki, bu tayda orduya çevrilmiş 10 milyonluq Azərbaycan, o tayda 40 milyonluq Azərbaycan türkü, dünyada 62 milyon azərbaycanlı var. Artıq bütün dünya azərbaycanlılarının “dəmir yumruq”a çevrilməsi prosesi gedir. İran, bax, buna görə qorxur. Biz də deyirik ki, siz də qurdun quyruğu ilə oynamayın. Şir yerindən tərpənənə qədər qurd onun boğazını üzəcək. Bunu yaddan çıxartmasınlar. Gözlərinin qarşısında artıq gücsüz, zəif Azərbaycan yoxdur. Bu gün qüdrətli və yumruğa çevrilmiş Azərbaycan var”.
Aytəkin Qardaşova