“Doğrudur, İranın sərhəddə hərbi təlimlər keçməsi Zəngilan Beynəlxalq Hava Limanının açılışı ilə eyni vaxta düşdü. Rəcəb Tayyib Ərdoğanın da açılışa gəlməsi faktiki olaraq İrana, o cümlədən Ermənistana bir mesaj idi. Yəni Türkiyə və Azərbaycan bir yerdədir, qardaş dövlətdirlər, mövqeləri eynidir. 44 günlük müharibədə də İran Azərbaycanı deyil, Ermənistanı müdafiə etdi, ona hərbi-əsgəri cəhətdən yardım etdi. İndi də Xudafərin körpüsünün ətrafında, Araz çayının üzərindən körpü atırlar, hərbi təlimlər keçir, dronlar qaldırırlar. Nə oldu, 30 il torpaqlarımız işğal altında olanda heç bir dəfə sərhəddə təlim keçirmişdilər? Xeyr. İndi belə deyirlər ki, guya Azərbaycanla razışaldırılıb və s... İnanmıram ki, bu, Azərbaycanla razışlaşdırılsın. Bunlar elə hesab edirlər ki, çox ağıllıdırlar, hər cür hərəkət edə bilərlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Deputat bildirib ki, İranı narahat edən üç məsələ var: “Birincisi, Zəngəzur dəhlizinin açılmasını İran istəmir. Onlar bilirlər ki, bu dəhliz çox böyük ticarət qovşağıdır və nəzarət Azərbaycan dövlətində olacaq. Ona görə də İran Ermənistanla çox sıx əlaqə yarada bilməz, bu, faktiki olaraq bütün dövlətlərin razılığı əsasında həyata keçirilir. Azərbaycanın dövlət başçısı qeyd edib ki, istəsələr də, istəməsələr də dəhliz istifadəyə veriləcək, orada həm avtomobil, həm də dəmir yolu çəkiləcək. İkincisi, İranda çox ciddi iğtişaşlar gedir. Əhali molla rejimini istəmir, mitinqlər keçirir. Orada bizim 30 milyondan çox soydaşımız var. Onlar da etirazlarda iştirak edirlər. Bu yaxınlarda Ərdəbildə onlara atəş açdılar. Ərdəbilin hamısı faktiki olaraq azərbaycanlılardır. Onlar bizim soydaşlarımızdır, müdafiə edirik, edəcəyik də. İranda soydaşlarımız üçün nə bir məktəb, nə səhiyyə, mədəniyyət ocağı bu vaxta qədər inşa edilmədi. Bu səbəbdən əhali narazıdır”.
V.Əhmədov vurğulayıb ki, İranın bütün bu təhdidlərinə, hərəkətlətinə baxmayaraq, Prezident İlham Əliyev həmişə onlara qarşı yüksək münasibət göstərib, indi də göstərir: “Hazırda İranın vitse-prezidenti Azərbaycanda rəsmi səfərdədir, görüşlər keçirilir. Bizim İranla elə bir problemimiz olmayıb. Onlar özləri nə problem axtarırlar, bilmirəm. İran problemi ABŞ-da, İsraildə, Səudiyyə Ərəbistanında axtarsın. Nüvə istehsalı ilə əlaqədar də problemlər mövcuddur. Dünya dövlətləri istəmirlər ki, İran nüvə silahına sahib olsun. Məsələlər çoxdur. Sionizmlə əlaqədar bizi günahlandırırlar. İsraillə dost dövlətik. Azərbaycanda kifayət qədər yəhudi yaşayır, qaynayıb-qarışmışıq. Azərbaycan tolerant dövlətdir, heç bir millət ölkəmizdə problem yaşamır. Yəhudilər bizə həmişə yaxın olublar. 44 günlük müharibədə də yanımızda idilər. Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin silah-sursatının təkmilləşdirilməsində iştirak ediblər, bu gün də iştirak edirlər. İran problemi öz daxilində axtarmalıdır. Heç kimi günahlandırmamalıdır. Unutmamalıdır ki, Azərbaycan müstəqil dövlətdir, dövlət başçımız müstəqil siyasət aparır. Çox qüdrətli iradəyə malikdir, ölkənin mənafeyini müdafiə edərək istənilən addımları da atır. Cənab Prezident həmişə açıq siyasət aparıb. Dost olanla dostdur. Vətən müharibəsindən sonra Qarabağda tikinti-quruculuq işləri zamanı dedi ki, kim müharibədə Azərbaycanın yanında olubsa, o dövlətlərin də şirkətləri orada iştirak edəcək. Belə də oldu. Ərdoğanın çıxışlarında bu məsələ kifayət qədər əksini tapıb. Ərdoğan təyyarədən enəndə ətrafa baxıb barmağı ilə “əla” işarəsi göstərdi. Bu, çox şeydən xəbər verir. Türkiyə ilə müttəfiqlikdən başqa, həm də qardaşıq. Şuşa Bəyannaməsi imzalamışıq. Bu bəyannamədə açıq-aydın deyilir ki, Azərbaycanın təhlükəsizliyinə Türkiyə təminat verir, eyni qaydada Azərbaycan da Türkiyənin. Azərbaycana qarşı kimsə əks addım atmaq istəsə, qarşısında Türkiyəni görəcək. Türkiyə də NATO-nun ən güclü dövlətlərindən biridir, güclü ordusu var. Ərdoğanın da mütəmadi olaraq Azərbaycana gəlməsi, İlham Əliyevlə yüksək səviyyədə olan münasibətlər digər dövlətləri qısqandırır. Son zamanlar da ciddi bir məsələ ortaya çıxıb. Uzun müddətdir buna hazırlıq gedirdi. Ərdoğan və Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatı yaradıldı. Get-gedə genişlənir. Fikir verirlər ki, bölgədə söz sahibi Türkiyə dövlətidir. Bütün bu məsələlər hamısı yığılanda aydın olur ki, bunların məqsədləri nədən ibarətdir...”
Aytəkin Qardaşova