“Rusiya təbliğatı illərdir ki, deyir, dünyada dolların rolu azalır, hətta Rusiya 2014-cü ildən bəri bəzi populist bəyanatlar verərək digər ölkələrlə qarşılıqlı ticarətdə dollardan imtina edəcəyini, hətta artıq etdiyini elan edib, amma reallıq başqadır, Kremlin arzuları kimi deyil. Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi rəqəmlərinə görə dünya ölkələrinin ehtiyat “yasdığı” 2013-cü ildə 11 trilyon 700 milyard dollar dəyərində olub, bu məbləğın cəmi 3 trilyon 810 milyardı dollarda, digər hissəsi isı başqa valyutalar, qiymətli kağızlar və qızılda saxlanılırdı. Üç il sonra, yəni 2016-cı ildə dünya ölkələrinin ehtiyat vəsaiti 10 trilyon 720 milyard dollar idi və bu məbləğın artıq 5 trilyon 500 milyardı dollarda, yerdə qalanları isə digər aktivlərdə idi. Növbəti üç ildə, yəni pandemiyadan öncəki 2019-cu ildə ölkələrin ehtiyat vəsaiti 11 trilyon 820 milyard dollara qalxdı və bunun 6 trilyon 730 milyardı dollarda idi. 2021-ci ildə ölkələrin ehtiyat vəsaiti 12 trilyon 920 milyard dollara qalxdı və bu vəsaitin 7 trilyon 90 milyardı sırf dollarda saxlanılırdı. Göründüyü kimi, dolların ehtiyat vəsaitlərin saxlanması kimi rolu son 10 ildə getdikcə artır, amma bu o demək deyil ki, “dollar dünyasında” problemlər yoxdur, təbii ki, var və getdikcə artacaq. Çünki qlobal dünyadan fraqmental dünyaya keçid sürətləndikcə yeni regional cəlbedici valyutalar yaranacaq, bu gün Çin yuanı artıq elə bir rol almağa yaxındır, Çin valyutası dollara qarşı ən az volotil, yəni dəyəri az “oynayan” valyutalardan biridir”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.