Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Rafiq Əliyev: “İranla Azərbaycan arasında müharibə baş verərsə, din xadimlərinə də çağırış edərik, amma indiki halda...”

1 785
Paylaş:
Rafiq Əliyev: “İranla Azərbaycan arasında müharibə baş verərsə, din xadimlərinə də çağırış edərik, amma indiki halda...”

“Azərbaycanlı din xadimlərinin İranın əleyhinə bu gün heç bir söz deməmələrini onlara irad tutmuram. Normaldır. Çünki din xadimlərinin öz işləri var. Onlar siyasi xadim deyillər. Dırnaqarası siyasi xadimlərimiz çoxdur. Bəzən öz güclərinin çatmadığı şeylərdən danışırlar. Hər gün bar-bar bağırırlar, qəzetlərdə, televiziya kanallarında hadisələri şərh edir, İrana qarşı ittihamlar irəli sürürlər. Bunlar bizim də xeyrimizə deyil. Azərbaycanın dövlət siyasəti İranla dostluq münasibətlərini, iqtisadi, mədəni əlaqələri saxlamağa yönəlikdir. Din xadimlərini İrana qarşı etiraz səslərini ucaltmağa çağırmalı deyilik. Dövlət var, dövlətin bu sahədə işləyən qurumları var. Məsələləri onlar həll etməlidirlər. Allah eləməsin, İranla aramızda müharibə baş verərsə, onda din xadimlərinə müharibəyə qoşulmaları ilə bağlı çağırış edərik. Bütün bunlar xəyaldır, fantaziyadır. Din xadimləri siyasətə qarışmalı deyillər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.

R.Əliyev düşünür ki, Azərbaycandakı dindarları da siyasi partiyalar kimi İranın üzərinə qaldırsaq, onlar da İranı tənqid etsələr, bu, iki ölkənin, iki xalqın mənafeyinə uyğun gəlməz: “İranın daxilində indi vəziyyət onsuz da gərgindir. Bunu bir az da gərginləşdirmək fürsətdən istifadə etməyimiz kimi anlaşılar. Aydındır, bu, İranda yaşayan azərbaycanlılara dəstək vermək anlamındadır, belə bir dəstək verə bilərik. Amma İranın daxili işlərinə qarışmaq bizim üçün sərfəli deyil, bizə yaraşmaz. Buna cəhd edənlər düşünürlərsə ki, İranın daxili işlərinə qarışmağımız üsyankar insanları hakimiyyətə gətirə biləcək, fikirləşməsinlər. İran azərbaycanlılarının böyük əksəriyyəti Tehranda yaşayır. Onlar İranda demokratik bir Azərbaycan qurmaq fikrində deyillər. Bunu dəfələrlə deyiblər. İran azərbaycanlıları hələ Səttar xanın vaxtından İranda demokratik dövlət qurmaq istəyirdilər. Yəni siyasi rejimi, sistemi dəyişməklə farslarla azərbaycanlıların eyni yaşadıqları yerdə demokratik dövlət qurmaq. Biz istəyirik ki, İran azərbaycanlıları özləri üçün orada azadlıq əldə etsinlər, respublika qursunlar və s. Lakin bu, İran azərbaycanlıları içərisində çox güclü qırğınlara gətirib çıxaracaq. Bu üsyanın, inqilabın onlara xeyri olmayacaq. İnqilab hər şeyi dağıtmaq və yenidən qurmaqdır. Oradakı azərbaycanlıların isə buna elə bir böyük imkanları yoxdur. Ona görə də bu gün İranla münasibətlərimiz normal olmalıdır. Azərbaycan inkişaf edən ölkədir. Müəyyən səviyyəyə gəlib çatıb. Dünya dövlətləri sırasında nüfuzu var. Bütün bunları nəzərə alaraq, qonşu İranla müharibə vəziyyətinə gətirib çıxarmaq düzgün deyil, zərərdir”.

O bildirib ki, İran hələ Azərbaycana hücum etməyə hazırlaşmır: “Bəlkə də, heç vaxt hücum etməyəcək. İranın özündə də partiyalar, ictimai təşkilatlar var. Oradakı iğtişaşlar kimlərəsə imkan verir ki, İranın daxili işlərinə qarışmağa çox ciddi cəhd etsinlər. İran böyük dövlətdir, bizim qonşumuzdur. Heç vaxt bizə hücum etməyib. Ola bilər, İranın da siyasi, yaxud din xadimləri Azərbaycan haqqında ciddi iradlar səsləndirsinlər, hədələsinlər. Söhbət bundan getmir. Söhbət iki dövlətin münasibətlərindən gedir. Bizim İranla siyasi, iqtisadi səviyyədə normal münasibətlərimiz var”.

R.Əliyev İranın Azərbaycana iki məsələyə görə hücum etməyəcəyini düşünür: “Birincisi, İranın Azərbaycanı istila etmək fikri yoxdur. İkincisi, Azərbaycanın Türkiyə və Rusiya ilə münasibətlərinə görə. İran təhdid etsə də, Azərbaycan sərhədlərini keçməz. Bu sözümün üzərində dururam. 20 ildən çoxdur, bu fikri təkararlayıram. Başqaları isə əksini deyir. Sadəcə, bir məntiqlə çıxış etməliyik ki, Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətləri var. Kim nə deyirsə, desin, Azərbaycan, Qafqaz Rusiyanın maraqları dairəsindədir. Bu iki amil heç vaxt imkan verməz ki, İran Azərbaycana hücum etsin. İran Azərbaycana 1990-cı illərdə hücum edə bilərdi, uğur da qazanardı. Burada heç kim İrana çətinlik yaratmazdı. Amma İran bunu etmədi, indi də etmək fikrində deyil, buna əminəm”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər