Azərbaycanda toyların vaxtının qısaldılması təklif edilir. Hazırda əksər şadlıq saraylarında toy mərasimlərinin müddəti, təxminən, 5-6 saata endirilib. İndi isə bu vaxtın 2 saata endirilməsi ilə bağlı təkliflər var. Bildirilir ki, bu, həm də israfın qarşısını ala bilər.
Sosioloq Əhməd Qəşəmoğlu Pravda.az-a açıqlamasında deyib ki, müxtəlif variantlar axtarmağın özü suallar doğurur.
“Toy mərasiminin vaxtını iki saata endirmək bu deməkdir ki, gəlin, oturun, pulunuzu verin, gedin? Təklif bir az buna bənzəyir. Dəfələrlə demişəm ki, toy modelini dəyişmək lazımdır. Bəlkə insanlar istirahət etmək istəyirlər? İki saatlıq müddət bitdikdən sonra durun, gedin... Gəlmişəm toya, beş saat otumaq istəyirəm. Sonra? Belə şey olmaz. Bu, artıq toya oxşamadı. Toyun mahiyyəti bundan ibarətdir ki, iki gənc həmin gün evlənir, bu, onların həyatında çox maraqlı, tarixdə qalacaq gündür. Amma sən deyəcəksən ki, iki saata valideynləriniz pul yığsın, camaatı yola salsın? Bu cür gülünc təklifləri kim, harda, niyə fikirləşir? Belə şey olmaz. Bunun əvəzinə, toyda bahalı, çeşid-çeşid yeməklər verməyi qadağan etmək lazımdır”, - sosioloq bildirib.
Ə.Qəşəmoğlunun sözlərinə görə, xarici ölkələrdə belə bir təcrübə var: “Xarici ölkələrin çoxunda toyda yemək vermirlər. Ortada su və digər içkilər, şirniyyatlar olur. Qonaqlar gələndə kənar bir otaqda onlara yemək vermək olar. Biz toya şənlənməyə, gəncləri təbrik etməyə gedirik. Evimizə qonaq gələndə dörd növ xörək bişiririk. Toyda niyə əlli növ olmalıdır? Nə var, nə var, kimsə burdan pul yığır, camaatı avam yerinə qoyub. Bunları bir tərəfə qoymaq, milli ruhda bir toy modeli hazırlamaq lazımdır. Bacarmırlar, mən təklif edim, o toy modelini hazırlaya bilərəm. Məsələ budur ki, hər şadlıq sarayının arxasında bir məmur dayanır. Onlar da Azərbaycanda toy modelini dəyişməyə imkan vermirlər”.
O deyib ki, ölkədə ən böyük problemlərdən biri toya yüksək məbləğdə pul salınmasıdır: “Azərbaycanda əhalinin 80%-nin maaşı buna imkan vermir. Məcbur olub, başqa xoşagəlməz yollara əl atırlar ki, o pulu qazanıb, toya gedə bilsinlər. Bu da cəmiyyətdə gərginliyi xeyli artırır. Toy bizim qədim adət-ənənəmizdir. Gərək, toy elə bu cür hay-küylü olsun? Toyda milli musiqimizi də dinləmək lazımdır. Elə etmək lazımdır ki, insanların estetik zövqü də inkişaf etsin...”
Aytəkin Qardaşova