Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.
İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.
Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.