“Qədim Azərbaycan diyarı olan Zəngəzur bölgəsinin Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun 30 min sakini məcburi köçkün düşərək respublikamızın müxtəlif şəhər və kəndlərində məskunlaşdırılmışdı. Rayon ərazisində mövcud olmuş 7278 fərdi yaşayış evi, 7 məscid, çox sayda sosial obyektlər, körpülər, kənd təsərrüfatı obyektləri ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Qubadlı rayonu Azərbaycanın cənub-qərbində yerləşib faydalı qazıntılarla zəngindir. Qubadlı rayonu Laçın, Xocavənd, Cəbrayıl, Zəngilan rayonları, eləcə də 120 km məsafədə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisinin əksər hissəsi dağlıqdır. Rayonun kəndlərinin əksər hissəsi Həkəri və Bərguşad çayları ətrafında yerləşir. Qubadlı rayonunun torpaqları çox münbit və məhsuldardır. Rayonda 79812 hektar torpaq fondu mövcud olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə zəngindir. Qubadlı rayonunun kəndlərində mərmərləşmiş əhəng daşı və bir çox qiymətli yataqlar mövcud olub. İşğal dövründə Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri Qubadlı rayonunun Xanlıq kəndində qeyri-qanuni məskunlaşıb. Cenevrə Konvensiyasına görə işğal edilən ərazilərdə qanunsuz məskunlaşdırma aparan ölkə cinayət törətmiş hesab olunur”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
K.Əliyeva xatırladıb ki, Qubadlı ərazisində Ermənistan ordusu güclü istehkamlar qursa da, rayonu işğaldan azad etmək uğrunda Azərbaycan Ordusu xüsusi qəhrəmanlıq göstərib: “Düşmən yüksəkliklərdə istehkam qurmuşdur və Azərbaycan hərbiçilərini atəş altında saxlayırdı. Azərbaycan Ordusu ilk olaraq yüksəklikdə yerləşən erməni ordusunun hərbi texnikalarını və canlı qüvvələrini məhv edərək hakim yüksəklikləri ələ keçirdi. Azərbaycan Ordusunun zabit və əsgərlərinin peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi və şəhər tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçdi. Noyabrın 9-na dək Qubadlı şəhəri də daxil olmaqla 41 kəndi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis olundu. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu "Qubadlının azad edilməsinə görə"medalı ilə təltif edilib. Bu gün Zəngilandan Qubadlıya, Laçına ən müasir tələblərə uyğun yollar çəkilir. Prezident cənab İlham Əliyev 2020 və 2021-ci illərdə Qubadlıya səfərlər etmiş, burada rayon ictimaiyyəti ilə görüş keçirib və "Qubadlı" yarımstansiyasının, eləcə də Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etmişdir. Qubadlı şəhəri və kəndləri yenidən qurulacaq. Qubadlı, tarixi keçmişi və memarlığı nəzərə alınmaqla ən müasir bir rayona çevriləcək”.
Aytəkin Qardaşova