Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərinin 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır.
Bu barədə Pravda.az-a XİN-dən bildirilib.
Qeyd olunb ki, Ermənistan, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur.
Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır.
Cari ilin avqust ayından etibarən erməni əhalinin Laçın rayonu ərazisini tərk etməsindən sonra yalnız Laçın rayonu ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı E-001M markalı piyada əleyhinə minalar, habelə cari ilin 3 oktyabr tarixində Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələlərin aşkarlanması təhlükənin miqyası və ağırlığının, regionda Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulmasının göstəricisidir.
2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir.