Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarəti fəaliyyəti gücləndirilmiş iş rejimində həyata keçirilir.
Dövlət Sərhəd Xidmətindən Pravda.az-a verilən məlumata görə, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri dövlət sərhədindən buraxılış məntəqələrində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydada sanitar-karantin və digər rejim tədbirlərinin həyata keçirilməsini təşkil edir və “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.
Martın 25-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə gedib və Rusiya Federasiyasından avtomobil yolu ilə ölkəyə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının sanitar-karantin tədbirlərinə cəlb olunmasının təşkili vəziyyətini yoxlayıb.
Dövlət sərhədindən buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili, o cümlədən ölkəyə gələn vətəndaşlar üzərində sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi, həmin şəxslərin hərarətinin ölçülməsi və digər sanitar-karantin tədbirlərinə cəlb edilmələri vəziyyəti yoxlanılmış, xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin tibbi təxliyəsi tədbirləri nəzərdən keçirilib.