Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanın ünvanına səsləndirdiyi həqiqətdən uzaq iddialara cavab verib.
Pravda.az xəbər verir ki, S.Qafarova bildirib ki, Azərbaycanın Ermənistan ərazisini işğal etməsi ilə bağlı bəyanat tamamilə əsassız və yalandır. Çox təəccüblüdür ki, bu iddianı 20 faiz torpaqlarımızı 30 il işğal altında saxlayan bir ölkənin nümayəndəsi səsləndirir.
Milli Məclisin sədri daha sonra vurğulayıb: "Azərbaycanın heç vaxt Ermənistan ərazilərini işğal etmək niyyəti olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Sentyabrın 13-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. Ölkəmizin ərazi bütövlüyünə, hərbçilərin və mülki şəxslərin həyatına təhdid törədən bu təxribatın qarşısını almaq üçün Azərbaycan ordusu cavab tədbirləri görüb".
Minalanmış ərazilərin xəritələri ilə bağlı məsələyə gəlincə, spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan bu xəritələri Ermənistandan çox çətinliklə əldə edib və bu xəritələrin dəqiqliyi cəmi 25 faizə bərabərdir. Ermənistan ərazilərimizin minalanmasını davam etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə 1 400-dən çox mina tapılıb ki, bunlar da 2021-ci ildə Ermənistanda istehsal olunub. Müharibə bitəndən sonra ərazilərimizin ermənilər tərəfindən minalanması hərbi cinayətdir, beynəlxalq humanitar hüququn pozulmasıdır və regionda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanatın pozulmasıdır.
Spikerin sözlərinə görə, bütün bu faktları nəzərə alsaq, hərbi təxribatlarda, sülh prosesinin əngəllənməsində hansı ölkənin - Azərbaycanın, yoxsa Ermənistanın maraqlı olduğu aydın görünür.
Milli Məclisin sədri hərbi cinayətlərlə bağlı erməni spikerin iddialarına da cavab verib.
"Mən tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt hərbi cinayət törətməyib. Bu iddia onilliklər ərzində təcavüzkar siyasət aparan, hərbçilərə və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən, bir milyona yaxın insanın elementar hüquqlarını pozan bir ölkənin ikiüzlülüyünün nümunəsidir. Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır. Hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixli məlumatlarında bildirilir ki, internetdə anonim şəkildə yayılmış və sosial şəbəkələrdə Azərbaycan ordusunun qanunsuz əməlləri kimi təqdim olunan videogörüntülərlə bağlı hazırda ətraflı araşdırma aparılır. İndi bir sual vermək istəyirəm: Ermənistanın Baş Prokurorluğu internetdə yayılmış digər videolarla bağlı hansısa tədbirlər görürmü? Cənab Simonyan nədənsə onların adını çəkmədi. Bu kadrlar isə həlak olan Azərbaycan əsgərlərinin cəsədlərinin təhqir olunmasından, daha doğrusu, ələ salınmasından xəbər verir. Mən burada erməni hərbçilərin etdikləri barədə danışmayacağam, çünki bu barədə emosiyasız danışmaq mümkün deyil. Bu, normal, mədəni insanın şüuruna sığmır. Odur ki, sualımı təkrar etmək istəyirəm: Ermənistanın Baş Prokurorluğu bu video görüntüləri araşdırırmı?" , - deyə Milli Məclisin sədri vurğulayıb.