“Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko videokonfrans formatında keçirilən KTMT sammitində deyib.
Belarus Prezidenti bəyan edib ki, Minsk Bakı, Moskva və İrəvanın Azərbaycan-Ermənistan sərhədində nizamlanma ilə bağlı istənilən razılaşdırılmış qərarını dəstəkləyəcək. Onun fikrincə, ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi tələb edən Ermənistanın KTMT-nin fövqəladə sammitində bu məsələni qaldırması bir qədər qəribədir, çünki Azərbaycan-Ermənistan sərhədində vəziyyətin nizamlanmasına dair qərar qəbul edilməlidir:
“Siz qarşımıza iki sual qoyursunuz. Hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi... Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik. İkinci sual budur: yol xəritəsi verin. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verirəm: Azərbaycan Prezidenti İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya prezidentindən vasitəçilik istəyin və qərar qəbul edin”.