Bu il fevralın 22-də Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü münasibətilə Moskvada iki ölkənin rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Bəyannamənin 11-ci bəndində deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.
Məlumdur ki, separatizmin təbliği, onun adeptlərinə öz qanunsuz şüarlarını səsləndirmək üçün media platforması təqdim edilməsi başqa dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş pozucu fəaliyyətin formalarından biridir. Bununla əlaqədar, Rusiyanın ən iddialı jurnalistlərindən biri, bu il iyunun sonunda qeyri-rəsmi şəxs olan David Babayanı öz studiyasına dəvət edərək onu “arsax respublikasının xarici işlər naziri” kimi təqdim edəndən sonra özünü katolikosun özündən daha artıq dərəcədə daşnak kimi göstərmiş Vladimir Solovyovun ikiqat alçaldıcı üzrxahlıq etməsi yada düşür.
Bədnam şöhrətli Marqarita Simonyanın başçılıq etdiyi “RİA Novosti” Rusiya Dövlət Agentliyi isə, təəssüf ki, bir neçə həftə əvvəl, daha dəqiq desək iyunun 3-də Qarabağ separatist klounadasının digər təlxəyi Artak Beqleryanla müsahibə dərc etməsinə görə Azərbaycan tərəfindən üzr istəmədi. Məhz bu səbəbdən Bakı həmin kütləvi informasiya vasitəsinin verilişlərinin bizim dövlətin ərazisində yayımlanmasını dayandırmaq kimi kəskin addım atmağa məcbur oldu.
Hətta bu halda da birinci addım atan Azərbaycan tərəfi olmayıb. Üç ay əvvəl Azərbaycanın iki xəbər saytı – minival.az və haqqin.az saytları Rusiya ərazisində bloklanıb. Bundan ötrü bir əsas yox idi – bu iki mediaresurs Rusiya Federasiyasının ərazisində separatizmi heç vaxt təbliğ etməyib, rəsmi Bakı (xüsusən özəl nəşrlər) Moskva Bəyannaməsini imzalanmış digər Tərəfin üçüncü dövlətlərə media və ya rəsmi səviyyədə hücumlarını dəstəkləmək öhdəlikləri götürməyib. Buna görə də Azərbaycanın imzalanmış Moskva Bəyannaməsinə ardıcıl sadiqliyini nəzərə alaraq Rusiya ərazisində bu iki saytın gözlənilmədən qadağan edilməsi Azərbaycan ictimaiyyəti üçün anlaşılmaz qaldı.
Hər halda tərəflər, necə deyərlər, hərəsi digərinə bir qaşıq qatran verdi və güman ki, məsələ bununla bitmişdi.
İndi isə birdən-birə görün nələr olur. Oktyabrın 20-də bədnam şöhrətli, özünü “rusiyalı politoloq” adlandırsa da, ermənilərin mənafeləri üçün daha çox canfəşanlıq edən Andranik Miqranyan və proqramın sonunda, necə deyərlər, tamamilə yersiz bir formada “Qarabağ əzəli erməni torpağıdır” deyə bağıran Nataliya Naroçnitskaya (görün kimdən soruşmağı unudublar) Rusiya dövlətinə məxsus “Birinci kanal”ın ənənəyə görə aparıcısı “Yedinaya Rossiya” fraksiyasının üzvü, RF Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədrinin birinci müavini Vyaçeslav Nikonov (SSRİ xalq xarici işlər komissarı V.Molotovun nəvəsi) olan “Bolşaya iqra” proqramının efirində peyda oldu. Bu halda regionun studiyadakı böyük ekranda nümayiş etdirilən xəritəsində guya “bərabər dövlətlər” olan Ermənistanın, Azərbaycanın və “Dağlıq Qarabağ Respublikası”nın adları eyni şriftlə (!) göstərilmişdi.