“Sülhməramlılarla bağlı bizim 2020-ci il 10 noyabr tarixli birgə bəyanatımızda da qeyd olunub. Burda əlavə ediləsi bir şey yoxdur”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı mətbuat konfransında bildirib. “O ki qaldı sülh müqaviləsinə, hələlik o yoxdur. Hələlik bu sənədin əsas tərkibi haqqında danışmaq tezdir. Ona görə ki, bu, yəqin Rusiyanın vasitəçiliyi ilə hər iki tərəfin nail olacağı güzəştlər predmetidir”, - Rusiya prezidenti vurğulayıb.
Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası haqqında da danışıb: “Bu çox vacib məsələdir. Biz bu gün bu haqda həqiqətən çox danışdıq. Biz sərəncamımızda olan Sovet Ordusunun Baş Qərargahının xəritələrini təqdim etməyə hazırıq. Onlar ən dəqiq xəritələrdir. Bu bazada hər iki tərəflə irəli getməyi müzakirə etməyə hazırıq. Biz razılaşdıq ki, bu təmaslar, danışıqlar və məsləhətləşmələr davam etdiriləcək”.