Yaxın günlərdə pərakəndə satışda kifayət qədər spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq. Ölkədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir.
Pravda.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ Qərargahdan verilən məlumata görə, hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də tələbi ödəməkdə çətinlik çəkirlər:
"Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska 3 günə satılır. 2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub.
Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, müdafiə nazirliyi, sərhəd xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir.