Azərbaycanın Kiyevdəki səfirliyi həmvətənlərimizə müraciət edib.
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi məlumat yayıb.
“Təxliyə dalğası zamanı Ukraynada qalmağa, yaxud təxliyə olunduqdan sonra geri qayıtmağa üstünlük vermiş vətəndaşlarımızdan olduqları yer üzrə hava həyəcanı xəbərdarlığı zamanı diqqətli olmağı, sığınacaqda və ya nisbətən təhlükəsiz yerdə daldalanmağı, dövlət orqanlarının tələblərinə və tövsiyələrinə riayət etməyi, səyahət sənədlərini qaydaya salmağı, Ukraynaya gəlməyi planlaşdıran vətəndaşlarımızdan isə fövqəladə ciddi səbəb olmadığı halda səfəri daha münasib zamana təxirə salmağı təkrar xahiş edirik”,- deyə məlumatda bildirilib.
O da bildirilib ki, Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 saylı 18 oktyabr 2022-ci il tarixli Qərarı ilə əlaqədar səfirliyin konsulluq şöbəsinin iş qrafikində keçici dəyişiklik edilib: "Konsulluq qəbulu 6, 7, 8 noyabr 2022-ci il tarixlərində bağlı olacaq, 5 və 9 noyabr 2022-ci il tarixlərində qəbul aparılacaq. Qəbul saatları dəyişməz olaraq qalır. Təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarda 0994089943 və 0735050000 telefon nömrələri ilə əlaqə saxlanmasını xahiş edirik.