Seymur Baycanın yeni yazısını təqdim edirik.
Futbolçu tullanırsa, harasa düşməlidir.
Elmar Baxşıyev
“Qəbələ” komandasının baş məşqçisi.
May, iyun, iyul, avqust aylarını, əsasən, yerli ədəbiyyatı oxumaqla keçirdim. İndi bu partiyada aldığım təəssüratları, belə demək mümkünsə, müşahidələrimi olduqca ümumiləşdirilmiş tərzdə yazmaq istəyirəm. Görək alınacaqmı? Məncə, alınacaq.
1. Müəlliflər təbiətə bəy tərifi vururlar. Demirəm təbiəti çox təsvir edirlər, deyirəm təbiəti çox tərifləyirlər. Axı nə qədər başı qarlı dağları, buz bulaqları, nərgizli dərələri, laləli təpələri, quzuqulağını, bağayarpağını, xəzrini, gilavarı, qumlu sahilləri, dalğaları, ləpələri tərifləmək olar? Açığı, burda bir az da görməmişlik əlamətləri var.
2. Obrazlar çox çay içirlər. Bəziləri çay içə-içə nərd oynayırlar. Deyəsən, çay məclisi təşkil etmək obrazları bir yerə yığmağın, obrazları danışdırmağın ən asan yollarından biridir. Müəlliflər də bu yoldan gen-bol istifadə ediblər.
3. Obrazlar çox aş yeyirlər. Özü də zəfəranlısından. O bunu evinə zəfəranlı aş yeməyə dəvət edir. Bu onu evinə zəfərənlı aş yeməyə çağırır. Elə bil onların arasında yarış keçirilir. Görək kimin evində daha yaxşı aş dəmlənir. Görək kimin arvadının əl qabiliyyəti yaxşıdır. Oxuduğum əsərlərin əksəriyyətində aş məclisinə rast gəldim. Obrazlar aş yemək üçün bəhanə axtarırlar. Hər kiçik bir hadisəni əldə əsas tutaraq aş dəmləyirlər və qohum-qonşunu qonaq çağırırlar. Qohum-qonşular da yaranan bu fürsətdən istifadə edərək çağırılan yerə itli-pişikli qonaq gedirlər...
Uşaq bağçaya gedir, aş dəmləyirlər. Uşaq məktəbə gedir, aş dəmləyirlər. Uşaq tarix dərsindən beş alır, yenə aş dəmləyirlər. Kişiyə işdə mükafat verirlər, evdə aş dəmlənir. Kişinin vəzifəsini yüngülvarı qaldırırlar, evdə aş dəmlənir, məclis qurulur. Maşın alırlar, aş dəmlənir. Təzə evə köçürlər, aş dəmlənir. Arvad təzə üzük alır, aş dəmlənir. Arvad təzə paltar alır, aş dəmlənir. Ta elçilik, nişan, xınayaxdı, üçgünlük, qırxgünlük, mingünlük kimi mərasimlərdən danışmıram. Onlar aydın məsələdir. Onlar haqqında danışmağa ehtiyac yoxdur.
Ümumiyyətlə, obrazlar çox rahat və şən görünürlər. Nədir bu rahatlığın səbəbi? Məncə, bu rahatlığın əsas səbəbi düşüncə dayazlığıdır. Onlar düşünmürlər, ona görə də çox rahat və şəndirlər. Onların arzuları, istəkləri məişət sərhədlərindən kənara çıxmır. Bəşəri hisslər, bəşəri kədər və dərdlər onlar üçün tamamilə yaddır.
4. Əsərlərdə çoxlu geoloqlara rast gəldim. Əslində, “geoloqlara rast gəldim” deməklə bir az yalana yol verdim. O mənada ki, əsərlərdə geoloqlar gözə görünmürlər. Geoloqların üzün görmək, səsin eşitmək, arzuları, istəkləri, xasiyyətləri ilə tanış olmaq çətin məsələdir. Demək olar, mümkünsüzdü. Müəlliflər, əl-ayağa dolaşmasınlar deyə geoloqları dağlara axtarışlar aparmağa göndərirlər. Beləliklə əsəri oxuyanda sənə, yəni oxucuya yalnız o məlum olur ki, filankəsin oğlu, filankəsin qızı geoloqdur və bu qız, bu oğlan hansısa dağda axtarışlar aparmaqdadır. Vəssalam. Bir oxucu kimi geoloqlar haqqından bundan artıq heç nə öyrənə bilməzsən. Görəsən, bu qədər geoloq dağlarda nə axtarırmışlar? Görünür geoloq bir vaxtlar çox hörmətli peşə imiş.
5. Müəlliflər əsərlərdə həddindən artıq sevgi mövzusuna müraciət ediblər. İşin təhlükəli tərəfi ondan ibarətdir ki, müəlliflər sevgi prosesini şişirdirlər, sevgini bir növ ilahiləşdirirlər.
Məsələn, “Həyat səhifələri” əsərində oxuyuruq: