İranın uzun illər Azərbaycana qarşı davamlı təhdidləri artıq əndazəni aşıb. Vəziyyət o həddə çatıb ki, rəsmi Bakı cavab vermək məcburiyyətində qaldı. Bu da təsadüfi deyildi, çünki molla rejimi 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanın Qarabağda dünyanı heyrətə salan qələbələrini həzm də bilmir, müxtəlif təxribatlara əl atır, hər vəchlə ermənipəsrəst mövqe nümayiş etdirirdi. İran din qardaşlığını öz imperialist maraqlarına və ideoloji, ayrımçı siyasətinə qurban vermiş, Qarabağda günahsız qanı tökülən müsəlmanların taleyini görməzdən gəlirdi.
İşğalçı ölkəyə hər cür maddi və mənəvi dəstəyini ifadə edən Tehran rejimi Zəngəzur dəhlizi, sərhədlərin demarkasiya və delimitasiyası prosesində isə iç üzünü tam ortaya qoydu.
Bütün bunlar isə rəsmi Bakının diqqətindən yayınmır, vaxtaşırı ölkə başçısı və rəsmilərimiz İranın bu qərəzli mövqeyi ilə bağlı ciddi mesajlar verirdilər.

Arazı ayıranlar...
Azərbaycanlıların qələbə sevinci və Qarabağın işğaldan hərbi güc yolu ilə azad edilməsi isə İran üçün ciddi bir xofa çevrilmişdi. Hətta, bunu cənab Ərdoğanın Bakıda Zəfər Gününə həsr olunmuş paradda səsləndirdiyi “Arazı ayırdılar...” bayatısından dərhal sonra da müşahidə etmək mümkün oldu. İranın molla rejimi Xarici İşlər Nazirliyi səviyyəsində məsələyə münasibət bildirdi və bu artıq qorxunun külminasiya nöqtəsi idi...
Azərbaycanın qələbələrini və inkişafını həzm edə bilməyən molla rejimi dəfələrlə Azərbaycanı hərbi güclə təhdid etmiş, Ermənistana göndərilən yardıma etiraz edən cənublu soydaşlarımıza qarşı divan tutmuş, rəsmi Bakının xoşmərəmalı münasibətlərinə aqressiv reaksiya vermişdi.
Son aylarda isə hətta Paşinyandan da artıq ermənipərəst mövqe sərgiləyərək sərhədlərin demarkasiya və delimitasiyasını qəbuledilməz sayırdı... İndi də o mövqeyindən çəkilmir. Azərbaycanla sərhədə ordu çıxarmaq isə artıq təhdid və meydan oxumaq həddinə gəlib çatmışdı...

Bədheybət İran və ya molla rejiminin qorxuları...
Amma indi mənzərə bir qədər dəyişib, İrandakı molla rejminin zülmlərinə etiraz edən iranlılar da ayağa qalxıb etiraz edir. Rejimin isə onlara divan tutması, həbslə, qətl törətməklə susdura bilməməsi və ölkənin çalxalanması molla rejiminin qorxularını daha da artırıb. İnsan hüquq və azadlıqlarına qarşı repressiya maşınına çevrilmiş molla rejimi bütövlükdə İranı “xalqlar həbsxanası”na çevirib. Bu etirazların Cənubi Azərbaycanda da geniş vüsət alması və tarixi şəhərimiz olan Təbrizin aksiyaların mərkəzlərindən birinə çevrilməsi isə İranda molla rejiminin idarəetmə resurslarını tükədir...
Belə bir şəraitdə molla rejimi öz aqressiv siyasətini məhz Azərbaycana qarşı yönəldib. Amma rəsmi Bakı strateji və düşünülmüş siyasəti ilə molla rejiminin planlarını pozur, onu çaş-baş salıb.


