Müharibə anında yox, illər sonra filmə yatır. Savaş elə asan mövzu deyil ki, onun törətdiyi faciəni üstündən, heç olmasa, bir qərinə keçməmiş ram edib lentə sala biləsən.
Ancaq Vaqif Mustafayev bu işi bacardığını “Fəryad” filminin ssenarisini yazmaqla sübut etmişdi – “Fəryad” çəkiləndə nəinki müharibə bitmişdi, hətta müharibə təzə başlamışdı.
İndi də, elə həmin rejissor başda bizə “Fəryad 2” adı ilə təqdim olunan, sonralar isə “Həyat deyəsən gözəldir” adlandırılan filmini çəkdi.
“Həyat deyəsən gözəldir” gözlənilən zəfər filmi deyil. Daha doğrusu, Azərbaycan tamaşaçısı bu cür zəfər filmi gözləmirdi. Bizim tamaşaçı yəqin ki, Şuşaya bayraq sancan əsgərlərimizin, şəhidlərimizin şücaətini əks etdirən bir qəhrəmanlıq salnaməsi arzulayırdı.
“Həyat deyəsən gözəldir” sırf bir Vaqif Mustafayev filmidir. Kinoya az da olsa yaxın olanlar müəllif filminin, rejissor dəsti-xəttinin hansı anlama gəldiyini bilir. Vaqif Mustafayev də müəllif rejissorlardandır, yəni, adətən, özü yazır, özü çəkir. Bu dəfə də elə edib.
Vaqif Mustafayevin tərzi dünyada bir neçə müəllifə xasdır, onlardan da biri – sözünü demiş yaşayan müəlliflərdən olan serb rejissor Emir Kusturitsadır. Onun filmlərində də savaş içində ironiya, sarkazm, qara yumora rast gəlirik.
Sadalanan üsullar isə ənənəvi qələbə filmlərində gözlənilən deyil. Bu üzdən Vaqif Mustafayevin son filmi, az əvvəl qeyd olunduğu kimi, kütləvi tamaşaçı gözləntisini təmin etməyəcək. Təbii, müəllif özü də bunu yaxşı bilir. Nə gözəl ki, rejissora bu filmi həvalə edənlər də onun dəst-xəttnindən xəbərdardırlar və bu reallığı bilərək müharibə filmi ona həvalə olunub. Bu sahəyə yaxın bir adam kimi bu cəsarətli həvalə məni də bir tamaşaçı kimi xeyli sevindirdi.
“Həyat deyəsən gözəldir” hələ Azərbaycan izləyicisinə təqdim olunmadığından esseni film haqqında annotasiya ilə ahəngdə təqdim etmək daha dürüst olar.
Film Azərbaycan yox, erməni ordusundan bəhs edir və erməni səngərinin bombalanması səhnəsi ilə başlayır. Təbii ki, səhnə vaqifsayağı ironiya ilə süslənib. Yanlarına bomba düşən iki əsgər Xaçik və Vaçik Manukyan qardaşları əsir düşür.
Əsirlikdə bəlli olur ki, qardaşlardan Vaçikin yanına bomba düşən andan bəri müharibəyə, Azərbaycana qarşı fikri dəyişib. O, artıq “Qarabağ Azərbaycandır” deyir, sülh tərəfdarı olduğunu bildirir və erməniləri təcavüzkar sayır. Hansı ki, bomba partlayana qədər tam əksini deyirdi.
Filmin ən ümdə mesajı da elə budur: bomba partladı və mən əvvəlki kimi düşünmürəm. Demək, erməninin normal düşünməsi üçün Azərbaycan bombası partlamalı idi. Özü də düz qulağının dibində. Yəni rejissor deyir ki, ən yaxşı erməni az əvvəl qulağının dibində Azərbaycan bombası partlayan ermənidir.
Düzdür, Vaqif bəy filmin tən yarısında – əllinci dəqiqdə bu mesajı sənətkara çox da yaraşmayan bir tərzdə izah edir. Məsələnin sənətkara yaraşmayan tərəfi tərzində deyil, elə izahın özündədir. Bu mesaj izahsız da aydın idi və daha kinosal idi. Gəlin, bunu da bağışlayaq filmin kütləvi tamaşaçıya hesablanması zərurətinə. Yəni hər kəs bu mesajı izahsız başa düşməyə də bilərdi.
Vaçikin özünü ənənəvi erməni hərbçisinə xas aparmaması – durmadan gülümsəməsi, sülh istəməsi Azərbaycan hərbçilərinə qəribə görünür və onu psixiatrın yanına gətirirlər. İlk baxışdan qəribə görünən bir səhnə: Azərbaycan həkimləri, daha doğrusu müəssisənin direktoru, onun komandası az əvvəl erməni səngərində gördüyümüz ermənilərdən çox da fərqlənmir. Onlar da ölü əsgərləri və Azərbaycan bombalarını sayan, onlar arasında riyazi bərabərlik axtaran, əsgərlərə qəribə suallar verən erməni komandirdən və başqa absurd addımlar atan ermənilərdən çox da fərqlənmirlər. Sonradan bəlli olur ki, direktorun arvadı ermənidir. Arvad əvvəlcə psixi müalicə mərkəzinin direktoru olan ərini, sonradan ərinin beyninə girərək mərkəzin bütün əməkdaşlarını anormallaşdırıb. Səbəb də odur ki, əri ona ürəyində yer verməyib, o da özünə ərinin ağlında yer edib.
Rejissor bu mesajla erməni arvadların azərbaycanlı ərlərinə və onların əli ilə təşkilatlara etdiyi təsirə də eyham edir.