Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının və Nyu-York Mədəniyyət Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür, Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ, Böyük Britaniya və İsrail şöbəsinin rəhbəri Səlhət Abbasova, diplomatlar, Bruklin inzibati rayonunun prezidenti Antonio Reynoso və ABŞ-ın müxtəlif ştat və şəhərlərində fəaliyyət göstərən diaspor fəalları, türk, yəhudi icmalarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə hər iki ölkənin dövlət himinləri səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxışında Zəfər Günü münasibətilə bütün azərbaycanlıları təbrik edib. Səfir Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mübarizəsində birlik, həmrəylik nümayiş etdirən diaspor aktivlərinə minnətdarlığını bildirib.
Y. Əliyev deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib. Onun sözlərinə görə, dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olub. Səfir Qarabağın dirçəlişindən, Şuşada, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərdən danışıb.