ADR Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu öz feysbuk səhifəsində Cənubi Qafqaz ölkələri arasında iqtisadi artım templəri barədə müqayisələr aparaq növbəti dəfə Azərbaycana qarşı ittihamlarla çıxış edib. Qeyd edir ki, Azərbaycan iqtisadi inkişafa görə, region ölkələri arasında autsayderdir. Ermənistan isə iqtisadi artım tempinə görə Avropada birinci, Gürcüstan isə ikinci yerdədir.
Faktyoxla Lab. bu iddiaları araşdırıb.
Q.İbadoğlu Ermənistanın statistika orqanlarının rəqəmlərinə istinad etdiyindən bu ölkəni “Avropada iqtisadi inkişafın lokomotivi” kimi təqdim etməyə çalışır. Əslində Ermənistan iqtisadiyyatı barədə mənzərəni aydın təsəvvür etmək üçün dünyanın nüfuzlu iqtisadi institutlarının hesabatlarına baxmaq lazımdır. Dünya Bankı “Dünya İqtisadiyyatının Perspektivləri” adlı hesabatında Ermənistan iqtisadiyyatının 2022-ci il üçün artım proqnozu 11,4 faiz deyil, 7 % proqnozlaşdırır. Bank 2023-cü ildə isə bu ölkədə artımı təxminən 3 faiz azaldaraq 4,3 faiz gözləyir. Bunu Ermənistanın rəsmi saytlarına baxmaqla da görmək olar. mənbə-1 mənbə-2
Asiya İnkişaf Bankı (AİB) da Ermənistan iqtisadiyyatının 2022-ci ildə 7%-i ötməyəcəyini bildirir. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) hesabatında da Ermənistan iqtisadiyyatının inkişaf göstəricisi birrəqəmli olacağına dair rəy verilib.
Dünya Bankı eləcə də Gürcüstanda 2022-ci ildə ÜDM-in 10,2 faiz deyil, 8 faiz olacağını, növbəti ildə bu rəqəmin 2 dəfə aşağı düşərək 4,2 faiz təşkil edəcəyini proqnozlaşdırır. mənbə Həmçinin, Gürcüstanda iqtisadi artımın 7 %-ə bərabər olacağını hesab edir.
AYİB-in hesabatında Gürcüstanın 10,2 faizlik iqtisadi artımından söhbət getmir. Bir məqamı unutmaq olmaz ki, Gürcüstanın iqtisadi artımının mənbəyi Azərbaycanın enerji resursları, nəqliyyat- tranzit imkanları və bu ölkədəki yanacaq-sənaye investisiyalarıdır. mənbə
Q.İbadoğlunun Ermənistan iqtisadiyyatının 2023-cü ildə “sürətli artımı” barədə fikirlərinin nə dərəcədə əsaslı olub-olmadığını da aydınlaşdıraq.
İbadoğlu burada dünyanın nüfuzlu təşkilatlarından biri olan Beynəlxalq Valyuta Fondunun (BVF) adından sui-istifadə edərək BVF-nin real proqnozlarını təhrif edir və saxtakarlığa əl atır. Sitat: “BVF 2022-ci ildə Azərbaycanın real ÜDM-in 3,7 faiz artacağını proqnozlaşdırıb. Fondun proqnozuna görə, 2023-2027-ci illərdə Azərbaycanda real ÜDM-in artımı 2,5 faiz təşkil edəcək. Ermənistanda isə bu ilin sonuna 12,9 faiz artım, gələn il üçün 7 faiz gözlənilir, yaxın bir neçə ildə 7-9 faiz artım gözlənilir”.
BVF-nin hesabatında Ermənistan iqtisadiyyatının 2023-cü ildə 7% artacağına dair heç bir fikir yoxdur, əksinə Fond proqnozu 2 dəfə azaldaraq 3,5%-ə endirib. Qurumun oktyabr ayında dərc etdiyi yenilənmiş “Dünya İqtisadi Mənzərəsi” (“World Economıc Outlook”. Səh 63) hesabatına baxmaqla İbadoğlunun yalan danışdığını görmək mümkündür.

Hətta Ermənistanın rəsmi saytları da BVF-nin həmin hesabatına istinad edərək iqtisadi artımın azalacağını etiraf edir. mənbə
Dünyanın aparıcı iqtisadi-maliyyə institutları xəbərdar edir ki, iqtisadiyyatı Rusiyanın inhisarında olan Ermənistanda iqtisadi artım mənbələri daralacaq. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) hesab edir ki, Ermənistan iqtisadiyyatına impuls verən əsas faktor Rusiyadır, xüsusilə də 2022-ci ildə pul köçürmələrinin axını buna təkan verib. Ancaq Qərb iqtisadiyyatından təcrid olunan və getdikcə daralan maliyyə potensialı və tənəzzül meyilləri fonunda Rusiya iqtisadiyyatının 2023-cü ildə gözlənilən arzuolunmaz iqtisadi durumu Ermənistanı da ağır sınaqlarla üz-üzə qoyacaq. mənbə Asiya İnkişaf Bankı bu ölkədə 2022-ci ildə ÜDM-in artımının 7 faiz, gələn isə 4,5 faizə bərabər olacağını bildirir. Bunun da əsas səbəbi Ermənistan iqtisadiyyatının məhz Rusiya amilindən sıx asılı olmasıdır. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də Ermənistanın 2022-ci illə müqayisədə ÜDM-in real artımı ilə bağlı proqnozunu azaldıb. Növbəti ildə bu rəqəmin 4,7% olacağı gözlənilir.
Ermənistanın öz iqtisadçıları da 2023-cü ilin olduqca riskli olacağının anonsunu verirlər. İqtisadçı Haykaz Fanyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib ki, risklər əsasən xarici amillərlə, xüsusən də Ukraynadakı vəziyyətlə bağlıdır. O, hökumətin gələn il 7% artım proqnozunu riskli hesab edir. İqtisadçı Suren Parsyan da Ermənistanın 2023-cü il iqtisadi mənbələrinin və dövlət büdcəsinin Rusiyadan maliyyə resurslarından asılı olacağını bildirib.

